BDU-da “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda beynəlxalq konfrans keçirilir

BDU-da “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
# 13 dekabr 2012 11:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 64-cü ildönümünə həsr olunan “Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

APA-nın xəbərinə görə, konfrans Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, AMEA İnsan Hüquqları İnstitutu və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycanda insan hüquqları sahəsindəki fəaliyyətdən danışıb. O bildirib ki, ölkədə hüquqi dövlət quruculuğu sahəsində əldə edilən nailiyyətlər, yaradılmış baza prinsipləri, həmçinin elmi məktəblərin və sahə mütəxəssislərinin mövcudluğu əsas götürülür: “Bu gün Azərbaycanda həyata keçirilən uğurlu insan hüquqları siyasəti Bakı Dövlət Universitetində də prioritet sahələrdən olduğundan, beynəlxalq konfransın burada keçirilməsi mümkün olub. Rusiya, Ukrayna, Türkiyə, Polşa və digər ölkələrdən olan mütəxəssislərin qatıldığı konfrans iki gün davam edəcək. Konfrans çərçivəsindən 9 bölmə üzrə 250-dən artıq məruzə dinləniləcək”.

AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva isə bu sahədə həyata keçirilən işlər, beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat verib.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da bu tədbirin mühüm əhəmiyyətindən danışıb: “İnsan hüquqları, onların təminatları və milli hüquq sistemləri, bütövlükdə bu konfransın Bakı Dövlət Universitetində keçirilməsi Azərbaycanda insan hüquqlarına verilən dəyərin töhfəsidir. Qloballaşan dünyada bütün sahələrdə olduğu kimi hüquq elmində də inkişaf gedir, yeni sahələr meydana gəlir. Bu mənada Azərbaycan beynəlxalq aləmdə gedən proseslərlə ayaqlaşa bilir. Bu gün hüquq elmində olan gənc və perspektivli mütəxəssislər gələcəkdə hüquqi dövlət quruculuğu sisteminin inkişafına öz töhfələrini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR