İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Qərb ölkələri yeni bir dünya müharibəsi çıxarmağı planlaşdırır”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Qərb ölkələri yeni bir dünya müharibəsi çıxarmağı planlaşdırır”
# 16 dekabr 2012 04:29 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Türkiyənin Suriya ilə sərhədə yerləşdirməyi planlaşdırdığı NATO-ya məxsus “Patriot” raketləri İsraili qorumaq məqsədi daşıyır. Ona görə də rəsmi Ankara müharibə çıxmadan raketləri yerləşdirməkdən imtina etməlidir”.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi səsləndirib. Onun sözlərinə görə, Türkiyə İrana dost ölkədir: “İran Türkiyənin təhlükəsizliyinə əhəmiyyət verir. Ancaq “Patriot” raketləri Suriyadan Türkiyəyə ehtimal olunan hücuma görə deyil, İsraili müdafiə etmək məqsədilə qurulur”. H. Firuzabadi Qərb ölkələrini yeni bir dünya müharibəsi çıxarmağı planlaşdırmaqda günahlandırıb: “Hər gün Qərb ölkələrindən biri Türkiyəyə “Patriot” raketləri göndərilməsini təsdiqləyir. Onlar yeni bir dünya müharibəsi çıxarmaq istəyir. Təcrübəli bir əsgər asanlıqla bu səhnəni oxuya və acı nəticəni görə bilər. Bu, insanlığın, eyni zamanda Avropanın öz gələcəyi üçün çox təhlükəlidir. Ona görə də türkiyəli, avropalı və amerikalı ağıllı insanlar söndürülməsi çətin olan bu qığılcımı atəşə çevrilmədən söndürsünlər və “Patriot” raketlərindən əl çəksinlər”.

Qeyd edək ki, H. Firuzabadi bu ilin avqust ayında da Türkiyənin Suriya siyasətini tənqid etmiş və sıranın Türkiyəyə gələcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR