Qüdrət Həsənquliyev: “Nigar Yaqublu siyasi məhbus hesab oluna bilər”

Qüdrət Həsənquliyev: “Nigar Yaqublu siyasi məhbus hesab oluna bilər”
# 27 noyabr 2012 13:59 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, ötən gün AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexlə görüşdə bu məsələyə dair razılıq əldə olunub: “Dünən həmməruzəçilərlə iki görüşümüz olub. Birinci görüş parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə keçirilib. İkinci görüş Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü kimi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Hüquqpozmalar Haqqında Məcəlləyə edilən dəyişikliklərlə bağlı olub. Birinci görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə edilib. Xüsusi diqqət isə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin siyahısına yönəldilib. Bu siyahıda 90-dan artıq şəxsin adı var. Bu da bizim tərəfimizdən haqlı narazılığa səbəb oldu. Əlbəttə, hesab edirik ki, həbsdə olan şəxslərin içərisində siyasi motivlərə görə tutulanlar var. Xüsusilə də siyasi məhbus kimi hüquq müdafiəçilərinin, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun adını vurğuladım. Yəni analoji cinayəti törətmiş qadınlara qarşı qanun bu şəkildə tətbiq olunmadığı halda, kiməsə tətbiq olunursa, deməli, burada siyasi motiv var. Ona görə də Nigar Yaqublu siyasi məhbus hesab oluna bilər”.

Q.Həsənquliyev əlavə edib ki, belə olduğu halda həmməruzəçilər ondan əlavə siyasi məhbus siyahısının onlara təqdim olunmasını xahiş ediblər: “Bu siyahı artıq hazırdır. Siyahıda təxminən 11 nəfərin adı var. Yəqin ki, bu gün o siyahı təqdim olunacaq, bəlkə də artıq göndərilib. Bununla bağlı tapşırıq vermişəm. Siyahının hazırlanmasında peşəkar hüquq müdafiəçilərinin rəyi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR