Azərbaycan və Türkiyə təhsili birgə müzakirə edilib

Azərbaycan və Türkiyə təhsili birgə müzakirə edilib
# 08 noyabr 2012 12:46 (UTC +04:00)
Bakı Könül Kamilqızı – APA Təhsil naziri Misir Mərdanov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ilə görüşüb. APA-nın xəbərinə görə, nazir təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün münasibətlərin yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib. Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini qeyd edən təhsil naziri bu baxımdan qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Nazir Azərbaycanın daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsində maraqlı olduğunu vurğulayıb.

Səfir isə Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması məsələlərindən söhbət açıb, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti barədə fikirlərini bildirib. Bu görüşün birgə əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən qonaq ölkələr arasında təhsil sahəsində əlaqələrin müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin qardaşlıq münasibətlərinin inkişafına xidmət edən təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müvafiq təkliflər səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR