Səbail RİH: Badamdardakı sürüşmə zonasında yaşayanların köçürülməsi gündəmdə deyil

Səbail RİH: Badamdardakı sürüşmə zonasında yaşayanların köçürülməsi gündəmdə deyil
# 17 dekabr 2012 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səbail rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsindəki sürüşmə zonasında görülən işlər barədə ətraflı məlumat açıqlayıb.

Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov APA-ya açıqlamasında deyib ki, hazırda Səbail rayonunun Badamdar qəsəbəsindəki sürüşmə zonasında yerləşən yol tamamilə bağlanıb və ərazi nəzarətə götürülüb.

Onun sözlərinə görə, hadisə yerində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri ilə yanaşı, “Azərsu” ASC-nin işçiləri də müvafiq işlər aparır. Sürüşmə zonasına 7 evdən 3-də yaşayış yoxdur, 4-də isə qismən yaşayış mövcuddur. Hazırda həmin evlərin su-kanalizasiya sistemlərinin tamamilə kəsildiyini deyən şöbə müdiri qeyd edib ki, həmin ərazidə yeni su-kanalizasiya sistemi qurulacaq: “Bundan əlavə, yamacı möhkəmləndirmək üçün betonlaşma işləri görüləcək. Yamacda beton jalüzlər düzəldiləcək ki, sonradan kanalizasiya suları yamaca hopmasın, üzü aşağı süzülsün. Bu işlərin hamısı baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında dövlət xətti ilə icra ediləcək”.

İ.Kərimov qeyd edib ki, hazırda həmin ərazidə mövcud olan evlərin su-kanalizasiya xətti kəsildiyindən, orada yaşayan sakinlərə də xəbərdarlıq edilib ki, müəyyən müddətə yaxınlarının, qohumlarının evlərinə köçsünlər: “Amma onların birdəfəlik köçürülməsi məsələsi gündəmdə deyil. Əgər ehtiyac yaranarsa, onlar həmin ərazidən köçürülə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR