Təhsil İdarəsi: “Bakı məktəblərində istilik sistemi ilə bağlı ciddi problem yoxdur”

Təhsil İdarəsi: “Bakı məktəblərində istilik sistemi ilə bağlı ciddi problem yoxdur”
# 21 noyabr 2012 12:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Şagirdlərin geyimində məktəbdən kənar bəzək ləvazimatlarından istifadə məsələləri hələ ki, öz həllini tapmayan məqamlardır. Dəfələrlə bu barədə elan verilib. Hətta valideynlərin də diqqətinə çatdırılır ki, bu məsələlərə fikir versinlər”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib. O qeyd edib ki, qızlara – xüsusilə yeniyetmə dövrünü yaşayan qızlara məktəbdə geyinəcəkləri ayaqqabı və digər əşyalar alan zaman valideynlər diqqətli olmalıdırlar: “Bu məsələlərə idarə birbaşa müdaxilə edə bilmir. Biz yalnız tövsiyə xarakterli müraciətlər edə bilərik. Çox xahiş edirik ki, valideynlər buna nəzarət etsinlər. Valideyn yeniyetmə qızına dikdaban ayaqqabı alıb, onunla məktəbə göndərirsə, anlamalıdır ki, bu onun övladı üçün xeyirli bir şey vermir. Yaxudda, digər ləvazimatlar”. Z. Əliqızının sözlərinə görə, valideynlər bu məsələdə də uşaqlarına ciddi nəzarət etməlidirlər.

Z. Əliqızı 3 və ya 4 ildən sonra Bakının orta məktəblərində vahid məktəbli geyimi ilə bağlı problem qalmayacağını da diqqətə çatdırıb.

Təhsil idarəsinin şöbə müdiri onu da qeyd edib ki, bu gün Bakı məktəblərində istilik sistemi ilə bağlı ciddi problem yoxdur: “Bakı məktəblərinin 50 faizi fərdi qazanxanalarla təmin olunub. Bu məktəblərdə istiliklə bağlı problem qalmayıb və bundan sonra da olmayacaq. Təhsil müəssisələrinin hər birinin fərdi qazanxanalarının olmasına çalışırıq. Bununla bağlı artıq iş gedir. Belə olan halda məktəblərimizin istiliklə bağlı problemi olmayacaq”.

O, 2013-cü ilin sonuna qədər Bakıda təmir olunmayan məktəbin qalmayacağını da diqqətə çatdırıb: “Hazırda idarənin tabeçiliyində olan 326 məktəbin 80 faizi əsaslı təmirdən çıxıb. Bu o deməkdir ki, paralel olaraq istilik sistemi ilə bağlı problemlər də öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR