Gürcüstan parlamentinin üzvü baş nazir İvanişvilinin Bakı-Tiflis-Qars layihəsi ilə bağlı Rusiyanın maraqlarını müdafiə etdiyinə işarə vurub

Gürcüstan parlamentinin üzvü baş nazir İvanişvilinin Bakı-Tiflis-Qars layihəsi ilə bağlı Rusiyanın maraqlarını müdafiə etdiyinə işarə vurub
# 26 dekabr 2012 15:03 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisi – Gürcüstan üçün strateji layihədir və xüsusilə Azərbaycana səfər ərəfəsində bununla bağlı tələm-tələsik bəyanatlar vermək strateji tərəfdaşımızla münasibətlərimizi korlaya bilər”. APA-nın “Qrizoya online” saytına istinadən yaydığı məlumata görə, bu barədə parlamentin deputatı Georgi Vaşadze parlamentin bu gün keçirilən iclasında çıxışında deyib.

Onun sözlərinə görə, bu layihə Rusiyanın Avropa və Asiya birləşdirəcək dəmiryolu xəttinə alternativdir.

“Bu məqamdan çıxış edərək, Bakı-Tiflis-Qars layihəsinin kimin maraqlarına cavab vermədiyi göz qabağındadır. Eyni zamanda demək istəyirəm ki, bu, Gürcüstana 700 milyon dollar sərmayə yatırmaq deməkdir. Bu, minlərlə yeni iş yeri, büdcəyə milyonlarla dollar gəlir deməkdir. Ümidvaram ki, gələcəkdə belə irimiqyaslı layihələrə problem yaratmamaq üçün bu kimi məsələlər dərindən öyrəniləcək”.

Xatırladaq ki, baş nazir Bidzina İvanişvili Azərbaycana səfər ərəfəsində bəyan edib ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinin Gürcüstan üçün səmərəli olması onda şübhə doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR