PA rəsmisi: “Azərbaycan cəmiyyətində müəyyən azlıqlar bəzi xarici qrupların əlində alətə çevrilib”

PA rəsmisi: “Azərbaycan cəmiyyətində müəyyən azlıqlar bəzi xarici qrupların əlində alətə çevrilib”
# 25 dekabr 2012 16:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov YAP-ın saytına müsahibəsində deyib.

N. Məmmədovun sözlərinə görə, Azərbaycan xalqı İslam aləmində baş verən prosesləri dərindən təhlil etməli, əsl həqiqətləri görməlidir: “Biz gərək hər şeyi ətraflı öyrənək, düzgün qənaətə gələk. Bu gün İslam aləmində baş verən prosesləri xalqımız dərindən təhlil etməli, əsl həqiqətləri görməlidir. Biz bu prosesləri müşahidə edərkən, həm də qiymətləndirməliyik. Misirin vəziyyətinə gəlin qısaca nəzər salaq. Dünyanın mədəniyyət ocağı olan, minilliklər tarixi olan bir ölkə görün nə vəziyyətdədir? İki yerə bölünüb, parçalanıb, dağıdıcı proseslər hələ də davam edir. Onlar bunu özləri istəmirdilər, bu vəziyyəti orada yaratdılar. Heç kim bilmir ki, neçə ildən sonra Misir heç olmasa, bu hadisələr baş verməzdən əvvəlki dövrdəki vəziyyətinə qayıda biləcək. Çox təəssüf ki, bu proseslər təkcə Misirdə baş verməyib. Oxşar hadisələrin yaşandığı ölkələr çoxdur. Bizim də müdrikliyimiz onda olmalıdır ki, bunları görüb, düzgün qiymətləndirək. Sevindirici haldır ki, Azərbaycan əhalisinin böyük bir hissəsi 80-90 faizi prezident İlham Əliyevin tutduğu yolu dəstəkləyir, bu yolun dövlətimizi inkişafa, xalqımızı daha parlaq gələcəyə apardığını bilir və hər bir məsələdə prezidentin yanında yer alır. Çox təəssüflər olsun ki, hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətimizdə də müəyyən azlıqlar var ki, bəzi xarici qrupların əlində alətə çevrilib. Bu, onların artıq qanlarına işləyib. Guya özlərinin hansısa böyük məqsədlərinə xidmət etdiklərini deyirlər, əslində isə nəyə, kimlərə xidmət etdiyini biz yaxşı bilirik. Belə şeylər heç vaxt Azərbaycan üçün problem yarada bilməz. Azərbaycan xalqı yaxşını pisdən ayıra bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR