Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözləyir

Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözləyir
# 25 dekabr 2012 11:57 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin cavabını gözləyir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib.

G.Aslanlı bildirib ki, partiya bu günə qədər 4 dəfə paytaxt rəhbərliyinə müraciət edib, hər dəfə də təşkilatı qane edən cavab almayıb. Bu səbəbdən partiyanın qurultayını keçirmək mümkün olmayıb. G.Aslanlı bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi müraciət etmək niyyətində olmadıqlarını da söyləyib.

Qurultayın Azərbaycanda keçirmək niyyətini açıqlayan G.Aslanlı qeyd edib ki, paytaxt rəhbərliyi qanunvericiliyə uyğun olaraq partiyanın tələbini müsbət cavablandırmağa borcludur. O, məsələnin hüquqi müstəvidə mübahisələndirilməsinə dair qərar verilmədiyini də söyləyib: “Bakı Şəhər İcra Hakimiyyətinin bu məsələ ilə bağlı məhkəməyə verilməsi məsələsi müzakirə olunmayıb”.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya deyib ki, təmsil etdiyi qurum müraciətlərə rəsmi şəkildə baxır: “Müsavat Partiyasından qurultayın keçirilməsi istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb”.

Qeyd edək ki, Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin ötən gün keçirilən toplantısında qurultayın Gürcüstanda keçirilməsi niyyətindən vaz keçilib.

Yığıncaqda bir daha Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına 800-1000 nəfərlik müvafiq yer ayırmağa çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR