Dövlət Gömrük Komitəsində BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi ilə görüş keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi ilə görüş keçirilib   - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 13:08 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Antonius Bernardus Broeki qəbul edib.

«APA-Economics»in məlumatına görə, görüşdə DGK sədri A.Əliyev 1999-cu ilin yanvar ayından icrasına başlanılan UNDP və Azərbaycan hökuməti arasında «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması Layihəsi»nin uğurla davam etdiyini xatırladaraq bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına müsbət təsirini qeyd edib.

A.Əliyev avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaratdığını, gömrük proseduraları və potensialının gücləndirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına töhfə verdiyini vurğulayıb.

«Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi Layihəsi» barədə danışan Komitə sədri layihənin gerçəkləşdirilməsində UNDP-nin xidmətlərini yüksək qiymətləndirərək, artıq bu istiqamətdə hazırlanmış yeni Gömrük Məcəlləsinin qəbul olunduğunu diqqətə çatdırıb.

A.Əliyev bu yaxınlarda UNDP tərəfindən «Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək Layihəsi» çərçivəsində DGK-yə elektron gömrük xidmətlərini təmin edən 18 informasiya köşkünün təqdim olunmasını iki qurum arasında mövcud əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib.

İstər fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, istərsə də qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə müstəqil Azərbaycanın gömrük orqanlarının rolundan bəhs edən A.Əliyev gömrük xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunub və qeyd edib ki, hazırda bütün gömrük keçid məntəqələri yenidən qurulub. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri sadələşdirilmış qaydada gömrük nəzarətindən keçir ki, bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi A.B.Broek Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edərək UNDP ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirib. UNDP-nin DGK-yə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirən qonaq ümumiyyətlə, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib, kadr potensialının gücləndirilməsi istiqamətində UNDP ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib. Görüşdə Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək Proqramının rəhbəri Məzahir Əfəndiyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR