Bakıda Qətərin milli bayramı qeyd olunub

 Bakıda Qətərin milli bayramı qeyd olunub
# 20 dekabr 2012 19:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qətərin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı münasibəti ilə Bakıda ziyafət təşkil edib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən səfir Şeyx Mübarək Bin Fahad Əl-Thani ilk olaraq bildirib ki, Azərbaycan 20 illik müstəqillik tarixinə baxmayaraq suveren, stabil bir dövlətdir və beynəlxalq aləmdə öz mövqeyini tutub: “Qətər dövləti də xarici siyasət üçün açıqdır. İki ölkə arasındakı müsibətlər çox yaxşı inkişaf edir. O cümlədən Qətər regional münaqişələri aradan qaldırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürüb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasında da bununla bağlı təkliflər irəli sürüb”.

Daha sonra çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov iki ölkə arasındakı diplomatik münasibətlərin 1994-cü ildə qurulduğunu bildirərək qeyd edib ki, prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra bu münasibətlər daha da inkişaf edib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanla Qətər arasında bir necə hökumətlərarası sazişlər imzalanıb: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlərdə Qətər həmişə Azərbaycanın yanında olub”.

Nazir həmçinin qeyd edib ki, iki ölkənin təhsil nazirlikləri arasında imzalanması üçün saziş hazırlanıb və xarici işlər nazirliyinə təqdim edilib: “Bu isə Azərbaycanla Qətər arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına daha da təkan verəcək”.

Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR