Bakıda Gənclər Evi layihəsinin təqdimatı və Dünya Türk Gənclər Birliyinin ofisinin açılışı keçirilib - FOTO

Bakıda Gənclər Evi layihəsinin təqdimatı və Dünya Türk Gənclər Birliyinin ofisinin açılışı keçirilib   - <span style="color: red;">FOTO
# 24 noyabr 2012 10:35 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün Bakıda Gənclər Evi layihəsinin təqdimatı və Dünya Türk Gənclər Birliyinin ofisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə «Dünya Türk Gəncləri Birliyi» İctimai Birliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və «Azərbaycan İnkişaf Mərkəzi» İctimai Birliyi tərəfindən həyata keçirilir. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Narkotiklərə qarşı Milli Təbliğat ofisinin müdiri Məzahir Əfəndiyev və digər rəsmi nümayəndələr iştirak ediblər.

İlk əvvəl layihənin rəhbəri Elşad Abdullayev nazir A.Rəhimovu Dünya Türk Gənclər Birliyinin ofisi ilə tanış edib. Bildirilib ki, gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir.

Nazir A.Rəhimov jurnalistlərə açıqlamasında layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu ev gənclər üçün həqiqətən də yararlı olacaq: «Layihə çərçivəsində gənclərimiz üçün müxtəlif kurslar təşkil olunacaq ki, bu da gənclərin daha çox maariflənməsinə kömək edəcək. Bu kurslarda iştirak üçün heç bir təşkilatın üzvü olmağa ehtiyac yoxdur. Bu kurslarda iştirak tam sərbəstdir. Hər bir gənc iki il müddətində bura müraciət edə biləcək». Nazir qeyd edib ki, hazırda Azərbaycanda 11 Gənclər Evi fəaliyyət göstərir və 10-u tikilir.

Layihə çərçivəsində Azərbaycanda yaşayan, yaşı 15-dən 35-ə qədər olan gənclər mədəni, siyasi, bədii, idman və gənclik sahələrində fərdi inkişaflarına yardım alacaq, ölkələrinə faydalı fərd olmaları istiqamətində tədbirlərdə iştirak edəcək, müxtəlif düşüncəli insanlardan təcrübə qazanacaqlar. Mədəniyyət, İncəsənət və Elm Evi proqramı həyata keçirilməklə gənclərin sosiallaşması üçün ömür boyu müxtəlif öyrənmə metodlarının yer aldığı fərqli təhsil proqramları tətbiq ediləcək və ictimai yenilənməyə söykənən inkişaf mərhələlərindən gənclər maksimum faydalanacaqlar.

Layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. Belə ki, I mərhələdə Gənclik və Mədəniyyət evlərinin yaradılması və ictimaiyyətə tanıdılması, II mərhələdə Gənclik və Mədəniyyət evlərinin gücləndirilməsi, gənclərin iştirakının təmin edilməsi nəzərdə tutulur. Layihə ilk növbədə Bakı şəhərində reallaşacaq. Daha sonra gənc əhalinin aktivlik faizi qiymətləndirilərək digər şəhər və rayonlarda da həyata keçiriləcək. Layihə birinci mərhələsində gənclərin ən çox ehtiyac duyduqları – liderlik, Vəsaityaratma (Fundraising), marketinq, media, ingilis dili, kompüter kursları təşkil olunacaq. İkinci mərhələdə isə daha da çox sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin müddəti 2 ildir, lakin müsbət nəticələr əldə edildiyi təqdirdə daimi xarakterli ola bilər. İki il ərzində layihədən 15 min gəncin faydalanacağı nəzərdə tutulub. Layihənin sonunda Azərbaycanın bütün sahələrinə yüksək peşəkar kadrların qazandırılması əldə olunacaq ən böyük fayda olaraq görülməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR