Bakıda “Alüminium» V Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib

Bakıda “Alüminium» V Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib
# 11 dekabr 2012 11:49 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün Muzey Mərkəzində “Alüminium» V Beynəlxalq Müasir İncəsənət Biennalesi rəsmi açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən «Alüminium» Beynəlxalq Müasir İncəsənət Biennalesinin artıq ənənəyə çevrildiyini deyib.

Nazir bildirib ki, bu tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı, müasir sənətin inkişafı haqqında beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaradıb, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu verib. «Alüminium» Beynəlxalq Müasir İncəsənət Biennalesinin ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan verdiyini deyən Ə.Qarayev Azərbaycanın bir çox gənc və istedadlı rəssamlarının ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirəcəyini xatırladıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, biennalelərdə iştirak edən rəssamlarımız sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış ediblər: “2007 və 2009-cu illərdə «Alüminium» Müasir İncəsənət Biennalesi Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında daha da geniş miqyasda təşkil olunub. Bu layihənin gerçəkləşməsində məqsəd Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsidir”.

Çıxışlardan sonra “Alüminium» V Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi lenti kəsilib, hər bir kəs incəsənət nümunələri ilə tanış olub.

Açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında biennalenin kuratoru Dilarə Vahabova bildirib ki, 11-16 dekabr tarixlərini əhatə edən Bakı biennalesində yenə də Avropa və Asiya ölkələrindən olan rəssamlar, sənətşünaslar və kuratorlar iştirak edir. O, biennaledə 17 ölkədən incəsənət ustalarının qatıldığını qeyd edib. D.Vahabova daha sonra biennaledə iştirak edən qonaqları tədbir iştirakçılarına təqdim edib. Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və «Yarat!» Yaradıcılıq Məkanıdır.

Biennale çərçivəsində Bakı şəhərindəki 15 qalereyada sərgilər təşkil olunacaq. Biennalenin koordinatoru “Yarat!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova, kuratoru Dilarə Vahabova, direktoru Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR