Macarıstanlı iş adamları Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka dəvət ediliblər

Macarıstanlı iş adamları Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka dəvət ediliblər
# 19 noyabr 2012 16:52 (UTC +04:00)

Bakı – APA-Economics. Macarıstanın bir qrup şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində (İİN) olub. İİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə keçirilən görüşdə Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurulduğu diqqətə çatdırılıb.

Azərbaycanda irimiqyaslı infrastruktur layihələrinin - müxtəlif sosial obyektlərin, su təchizatı və kanalizasiya sistemlərinin tikildiyini və ya əsaslı təmir edildiyini vurğulayan Ş. Mustafayev bu sahədə müasir texnologiyaların tətbiqinə xüsusi önəm verildiyini və bu layihələrin icrasında dövlət və özəl sektorun uğurla əməkdaşlıq etdiyini bildirib.

Nazir Azərbaycanda kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu, aqrar sektora dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, ölkədə müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirildiyini, müasir quşçuluq, heyvandarlıq komplekslərinin yaradıldığını, və aqrar sahədə geniş biznes imkanlarının olduğunu qeyd edib.

Ş. Mustafayev Macarıstandan olan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini bildirib.

Macarıstan şirkətlərinin rəhbərləri ölkələrində Azərbaycan iqtisadiyyatına böyük maraq olduğunu, Azərbaycanda su təchizatı, su-kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması, ət və süd istehsalı müəssisələrinin yaradılması və bank-maliyyə sektorunda əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR