“The Washington Post”: İranda ABŞ-la birbaşa danışıqlarla bağlı mübahisələr başlayıb

“The Washington Post”: İranda ABŞ-la birbaşa danışıqlarla bağlı mübahisələr başlayıb
# 14 noyabr 2012 13:06 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran hakimiyyəti daxilində bu ölkənin mübahisəli nüvə proqramı mövzusunda rəsmi Tehranla Vaşinqton arasında birbaşa danışıqların aparılıb-aparılmaması ilə bağlı mübahisələr başlayıb”. APA-nın məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “The Washington Post” qəzeti yazıb.

Qəzet yazır ki, ölkədəki bəzi tanınmış siyasətçilər Ağ Evlə birbaşa danışıqlara başlanmasını dəstəkləyərkən, bəziləri İranın öz nüvə proqramını inkişaf etdirməyə çağırıb: “İran prezidenti Mahmud Əhmədinejad başda olmaqla danışıqların başlanmasına əsas etirazı ölkənin hərbi liderləri edir. Məsələn, “Bəsic”in komandanı, general Məhəmmədrza Nəqdi hesab edir ki, ABŞ-n İrana qarşı münasibəti dəyişmədikcə qarşı tərəflə danışıqların aparılması mümkün deyil. Ancaq İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə yaxınlığı ilə tanınan ölkə parlamentinin spikeri Əli Laricaninin qardaşı Məhəmməd Cavad Laricani ABŞ-la birbaşa danışıqların aparılmasına müsbət yanaşır. İranla ABŞ arasında birbaşa danışıqların başlanması ilə bağlı son qərarı isə yalnız ayətullah Xamneyi verməlidir”.

“The Washington Post” qeyd edir ki, zamanla vəziyyət dəyişir və artıq iranlılar sanksiyaların təsirini hiss etməyə başlayıblar: “Lakin onların həqiqətən də öz mövqelərini dəyişmək istədikləri barədə məlumat yoxdur. Avropalı diplomatlar da İranın ABŞ-la danışıqlara hazır olmadığını düşünür”.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR