«Access Bank» xaricdən yeni kredit cəlb edib

«Access Bank» xaricdən yeni kredit cəlb edib
# 24 dekabr 2012 10:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyət göstərən «Access Bank» QSC-yə 15 mln. ABŞ dolları həcmində kredit ayıracaq.

IFC-dən «APA-Economics»ə verilən məlumata görə, bu kredit bankın kiçik, aşağı gəlirli və çox zaman kommersiya banklarının xidmətlərinə kifayət qədər çıxışı olmayan sahibkarlara kredit vermək imkanlarını gücləndirəcək.

Məlumatda deyilir ki, geniş filial şəbəkəsinə malik olan bank, xüsusilə rayonlarda böyük ehtiyac duyulan maliyyə xidmətlərini göstərə biləcək və bununla da regionlarda yoxsulluğun azaldılmasına yardım edəcək.

«Çox zaman maliyyə xidmətlərinə çıxışın olmaması mikro və kiçik biznesin inkişafına mane olur. Bunu xüsusilə ölkənin regionlarında və kiçik aqrobiznesdə müşahidə etmək olar», – deyə «Access Bank»ın baş meneceri Maykl Hofman qeyd edib.

IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Tomas Lubek qeyd edib ki, bu layihə çərçivəsində «Access Bank» ticarət, xidmət və kənd təsərrüfatı kimi sektorlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların kreditləşməsini artıracaq.

Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW, «Access Microfinance Holding» və Almaniyanın «LFS Financial Systems GmbH.» şirkəti daxildir.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür və indiyədək IFC 60-dan çox maliyyə xidmətləri, infrastruktur və istehsal kimi özəl sektor layihələrini dəstəkləmək məqsədilə Azərbaycana 364 mln. dollar maliyyə yardımı göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR