“Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr” mövzusunda konfrans keçirilib

“Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr” mövzusunda konfrans keçirilib
# 05 dekabr 2012 13:59 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın şimalı ilə cənubu arasındakı əlaqələrdən və aradan qaldırılması vacib olan nöqsanlardan danışıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycanın mədəni birliyinə nail olmaq üçün əlaqələrin istiqamətləri genişləndirilməlidir. Onun sözlərinə görə, əlaqələrin genişləndirilməsinin hələlik yeganə yolu gediş-gəlişlərin sayının çoxalmasıdır.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, Güney Azərbaycan məsələsinə diqqət artırılmalı, dövlətin bununla bağlı konsepsiyası formalaşdırılmalıdır. O, mətbuatın da bu istiqamətdə fəaliyyətinin yetərincə olmadığını bildirib.

Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin rəhbəri Yasəmən Qaraqoyunlu bildirib ki, dünyanın super dövlətləri mərkəzi İsrail olmaq şərti ilə həyata keçirdikləri “Orta doğu” proyektində Azərbaycan türklərinin bütövləşməsini nəzərdə tutmayıblar. Onun sözlərinə görə, Azərbaycan türkləri buna qarşı getməli və öz dövlətini bərpa etməlidir. Y.Qaraqoyunlu müxalifətin də Güney Azərbaycan məsələsindəki mövqeyini bəyənmədiyini söyləyib.

Güney Azərbaycandan olan, yazar Sayman Aruz Cənubi Azərbaycandakı vəziyyət, İran hökumətinin türklərə olan münasibəti haqda danışıb. O, Bakıda Güney Azərbaycan Yazarlar Fondunun yaradılması istiqamətində qarşıya çıxan problemləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə Şimali Azərbaycanın imkanlı şəxslərindən dəstək əldə edə bilməyiblər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev siyasi dairələrdə Güney Azərbaycan məsələsinə olan biganəliyin səbəbini siyasi xadimlərin Azərbaycan tarixini yetərincə bilməməyində və siyasi dövlətçilik mədəniyyətinin tam formalaşmamasında gördüyünü deyib.

Tədbir mövzu ilə bağlı çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR