Azərbaycanda son qəbul imtahanlarında qayda pozuntularına yol verən nəzarətçi müəllimlərin sayı açıqlanıb

Azərbaycanda son qəbul imtahanlarında qayda pozuntularına yol verən nəzarətçi müəllimlərin sayı açıqlanıb
# 18 dekabr 2012 09:53 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmanın nəticələrinə əsasən, bu il qəbul imtahanlarına 4707 müəllim cəlb olunub. Nümunəvi fəaliyyətinə görə 433 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfər fəxri fərmanla təltif olunub. Köçürməyə və digər qayda pozuntularına yol verən 154 nəzarətçi isə TQDK-nın bazasından xaric edilib.

TQDK tərəfindən araşdırmanın nəticələri ilə tanış olmaq üçün nəzarətçi-müəllimlərin çalışdığı orta ümumtəhsil müəssisələrinə məktub ünvanlanıb. İndiyədək TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 1080 nəzarətçiyə təşəkkür elan olunub, o cümlədən 196 müəllim fəxri fərmanlarla təltif edilib. Bakı şəhərinin 13, 55, 73, 204, 258, 263, 271, 283, 286 nömrəli tam orta məktəblərinin müəllimlərinin prosesdə nümunəvi fəaliyyəti ilə seçildiyi müəyyənləşdirilib.

Ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il qəbul kampaniyası başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman çoxsaylı parametrlər əsasında araşdırma aparılır. İmtahan sənədləri ilə işləmə bacarığı, imtahan texnologiyasını mənimsəmə səviyyəsi, abituriyent auditoriyasını idarəetmə qabiliyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə dair qiymətləndirməsi və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qiymət və rəyləri araşdırmalar zamanı əsas götürülür. Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin stimullaşdırılması, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, nəzarətçilər bazasının zənginləşdirilməsi və formalaşdırılmasının təkmilləşdirilməsi, növbəti imtahanlar üçün nəzarətçi seçiminin hansı meyarlar əsasında aparılması, orta ümumtəhsil müəssisələrinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR