“Məhkəmə-Hüquq Şurası haqqında", “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişiklik edilib

“Məhkəmə-Hüquq Şurası haqqında", “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişiklik edilib
# 21 dekabr 2012 12:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təklif olunan dəyişikliyə əsasən Hakimlərin Seçki Komitəsinin qərarlarından həmin qərar qəbul edildiyi gündən 10 gün müddətində Məhkəmə Hüquq Şurasına şikayət verilə bilər. Şikayət daxil olduğu gündən 1 ay müddətində Məhkəmə Hüquq Şurasının iclasında baxılır.

Başqa bir dəyişiklik Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddətinin uzadılması ilə bağlıdır. Dəyişiklikdə Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddəti 5 il təklif olunub. Hazırkı qanunvericiyə əsasən bu müddət 2 il 6 aydır.

Qanuna təklif olunan dəyişikliklərdən biri də hakimlərin fəaliyyətinin Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndirilməsi ilə əlaqədardır. Dəyişikliyə əsasən hakimlərin fəaliyyəti 5 ildə bir dəfədən az olmayaraq (hazırda 3 ildən bir qiymətləndirmə keçirilir) Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

İclasda həmçinin “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər. Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır. Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

Əli Hüseynli məsələ ilə bağlı çıxışında bildirib ki, Məhkəmə-Hüquq Şurası vaxtilə Avropa Xartiyası əsasında yaradılıb: “Ona görə yaradılıb ki, hakimlərlə bağlı qərarı ancaq hakimlər qəbul etsin. Məhkəmə-Hüquq Şurasının 15 üzvü var və hakimlər haqqında qərarı 9 üzv hakim qəbul edir, biz müşahidəçilərik. Bunun özü də hakimlərin müstəqilliyini təmin edir. Mən Məhkəmə-Hüquq Şurasında parlamenti təmsil edirəm, hakim partiyanın da təmsilçisiyəm. Ancaq partiya mənsubiyyəti burada rol oynamır, gələcəkdə başqa parlament üzvü də təmsil oluna bilər. Məhkəmə-Hüquq Şurasının sədri də yalnız iclasa sədrlik edir. Hakimlərin təminatına gəlincə, hakimiyyətin digər qollarında maddi təminat necədirsə, məhkəmə sistemində də o səviyyədədir. Digər tərəfdən, hakimlər pozuntuya yol verərsə, digər hakimlər bunu araşdıra bilməlidirlər. Ömürlük hakim seçilmək ölənə qədər yox, son yaş həddinə qədər hakimlik etmək deməkdir. Azərbaycanda da son yaş həddi 65 yaşdır”.

Ə. Hüseynov vəkillik institutu barədə də danışıb: “Hazırda Azərbaycanda 400-ə qədər hakim var, ancaq adambaşına düşən vəkillərin sayı azdır. Məhkəmə-Hüquq Şurası həm vəkillərin sayının artması, həm də pulsuz vəkillik xidmətinin həyata keçirilməsi üzərində düşünür. Hazırda əsas səyimiz odur ki, mülki işlərlə bağlı vahid məhkəmə təcrübəsi olsun. Yəni heç kimdə şübhə olmasın ki, bu iş belə həll olunub, digər iş niyə fərqli həll edilsin. Millət vəkilləri əvvəllər hakimlərin cəzalandırılmamasına irad bildirirdilər. İndiyə qədər 100-ə qədər hakim inzibati icraat cəzasına cəlb edilib”.

Hər iki qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR