Azərbaycan Mərkəzi Bankının valyuta bazarına müdaxiləsi 1,5 mlrd. dollara çatıb

Azərbaycan Mərkəzi Bankının valyuta bazarına müdaxiləsi 1,5 mlrd. dollara çatıb
# 27 dekabr 2012 08:27 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

Ölkənin tədiyyə balansında iri həcmli profisitin mövcudluğu ilə əlaqədar valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün 2012-ci ildə Mərkəzi Bank tərəfindən 1,5 mlrd. ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi ümumən sabit qalıb və cəmi 0,2% möhkəmlənib.

Ümumilikdə, son 15 ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin orta illik dəyişməsi tempi 1%-dən az olub. Məzənnənin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sabitliyinə, milli valyutaya inamın möhkəmlənməsinə və dollarlaşmanın azalmasına müsbət təsir göstərib.

«Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 11 ay ərzində 4,3% ucuzlaşıb. Bu, bir tərəfdən, manatın məzənnəsinin əlverişli səviyyədə saxlanması, digər tərəfdən isə tərəfdaş ölkələrlə müqayisədə daxili inflyasiyanın aşağı səviyyəsi hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşması son nəticədə qeyri-neft sektorunun rəqabət qabiliyyətini (xarici bazarlarda qiymət üstünlüyünü) yaxşılaşdıran mühüm amildir», - deyə Bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR