Milli QHT Forumu narkotik maddələrlə mübarizə üzrə Dövlət Proqramının layihəsini müzakirə edib

Milli QHT Forumu narkotik maddələrlə mübarizə üzrə Dövlət Proqramının layihəsini müzakirə edib
# 22 noyabr 2012 13:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli QHT Forumunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı layihəsinin (2013-2018-ci illər) müzakirəsi keçirilib. Milli QHT Forumundan APA-ya verilən məlumata görə, müzakirədə Nazirlər Kabinetinin Hərbi və İnzibati Orqanlar Şöbəsinin müdir müavini Ceyhun Hüseynov və QHT nümayəndələri iştirak edib.

Tədbiri açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxışında bildirib ki, Azərbaycan müstəqil dövlətçiliyini bərpa edəndən bu günə qədər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə iki dövlət proqramı qəbul edilib və 2013-2018 illəri əhatə edən III Dövlət Proqramı QHT-lərlə müzakirə üçün MQF-yə göndərilib. Dövlət səviyyəsində, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası səviyyəsində QHT-lərin bu proseslərə geniş cəlb olunması, MQF prezidentinin Dövlət Komissiyası İşçi Qrupunun üzvü olması QHT-lərə göstərilən böyük etimad və dəstək kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Dövlət Proqramı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti haqqında geniş məlumat verən Ceyhun Hüseynov isə qeyd edib ki, ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənovun rəhbərliyi ilə çox böyük əhəmiyyət kəsb edən fəaliyyət həyata keçirilib: “Proqram hazırlanarkən QHT-lərin bu Proqramın icrasına daha çox cəlb olunması nəzərə alınıb. Narkomanlığın azaldılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə təqdim olunan yeni Proqramda dövlət, hökumət, qeyri-hökumət və media qurumları ilə birgə əməkdaşlığa geniş yer verilib”.

Daha sonra tədbirdə iştirak edən QHT rəhbərləri tərəfindən narkomanlığın artması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, şəhərlərdə və regionlarda vəziyyətin acınacaqlı olması, bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyi, sosial şəbəkə və elektron kivlərdə təbliğatın güclənməsi, hüquq-mühafizə orqanlarının bu sahəyə diqqətinin artırılması və s. təkliflər irəli sürülüb.

Müzakirələr zamanı həmçinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üçün QHT koalisiyasının yaradılması və müvafiq Dövlət Komissiyası və İşçi Qrupu ilə birgə əməkdaşlığın koordinasiya olunması təklif olunub. Sonda MQF-nin prezidenti Rauf Zeyni təklif olunan QHT koalisiyasının siyahısının hazırlanması və MQF-nin bu sahə ilə əlaqədar koordinatorluğunun ”Narkotizmlə Mübarizə” İctimai Birliyinin sədri Zaur Adıgözəlova həvalə olunmasını irəli sürüb və müzakirələrdə iştirak edən QHT rəhbərlərinə və ekspertlərə öz minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR