TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci toplantısı keçiriləcək

TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci toplantısı keçiriləcək
# 10 dekabr 2012 14:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Dekabrın 11-12-də Astanada TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclası keçiriləcək. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan Parlamenti Məclisində keçiriləcək iclasda “Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Şurası, TürkPA və TÜRKSOY-un yeri və rolu” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaq.

Komissiyanın işində Türkiyə, Azərbaycan və Qazaxıstandan millət vəkilləri, həmçinin TürkPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcəklər.

İclasda eyni zamanda, Türk Şuraşı Baş katibinin müavini Qismət Gözəlov, Türk Akademiyasının direktoru Şakimaşrip İbrayev və Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Mustafa Başkurtun iştirakı və çıxışları nəzərdə tutulur. Komissiyanın işində TürkPA baş katibi Ramil Həsənov təşkilatın 2011-2012-ci illərdəki fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verəcək.

Komissiyanın iclasında, TürkPA-nın 2013-cü ildə Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Şurası, TürkPA və TÜRKSOY-un yeri və rolu barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Həmçinin Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

Səfər çərçivəsində TürkPA baş katibi R. Həsənovun Qazaxıstanın xarici işlər naziri Yerlan İdrissovla ikitərəfli görüşü nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR