Moldova Azərbaycanın qiymətli kağızlar bazarındakı təcrübəsini öyrənir

Moldova Azərbaycanın qiymətli kağızlar bazarındakı təcrübəsini öyrənir
# 17 dekabr 2012 07:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Moldova Parlamentinin deputatı, İqtisadi məsələlər üzrə Komissiyasının üzvü Yuri Apostalakinin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, səfər Moldovanın Maliyyə Bazarları üzrə Komissiyası, Milli Bankı, Fond Birjası, Milli Depozitarın əməkdaşlarının Azərbaycanın qiymətli kağızlar bazarında son dövrlərdə baş vermiş dəyişikliklər, «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramının icrası nəticəsində əldə olunacaq nailiyyətləri, qiymətli kağızlar bazarına dair uzun müddətli inkişaf strategiyası ilə bağlı gələcəyə baxışları, həmçinin mövcud tənzimləmə və nəzarət mexanizmlərinin öyrənilməsi məqsədi ilə təşkil edilib.

Səfər zamanı QKDK ilə birgə əməkdaşlıq çərçivəsində nümayəndə heyəti Azərbaycan qiymətli kağızlar bazarında peşəkar iştirakçıların lisenziyalaşdırılması, fəaliyyətlərinə nəzarət və onların hesabatlıq sistemi, qiymətli kağızların emissiyası, ticarəti, tədavülünə nəzarət, eləcə də qiymətli kağızların saxlancı və qeydiyyatı üzrə Azərbaycan təcrübəsi ilə yaxından tanış ediləcək.

Dekabrın 20-dək davam edəcək səfər çərçivəsində Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, habelə Bakı Banklararası Valyuta Birjasında da görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR