Azərbaycanda ötən həftə qanunvericiliyin tələblərini pozmuş 529 əcnəbi aşkarlanıb

Azərbaycanda ötən həftə qanunvericiliyin tələblərini pozmuş 529 əcnəbi aşkarlanıb
# 17 dekabr 2012 12:35 (UTC +04:00)

APA-nın DMX-nin saytına istinadən verdiyi məlumata görə, 10-14 dekabr tarixlərində Xidmət tərəfindən Bakı şəhərində, həmçinin Biləsuvar, Masallı, Lerik, Astara və İmişlidə qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 529 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Saxlanılan əcnəbilər arasında Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları üstünlük təşkil edib.

Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 468 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 42 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 3 nəfəri isə 339.1.4-cü maddəsi (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına) ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə ediliblər.

Həmçinin işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə DMX əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 5 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilmiş və müvafiq sənədlər tərtib olunub.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR