FİFA ilin ən yaxşısı olmaq üçün namizədlərin yekun siyahısını açıqlayıb

FİFA ilin ən yaxşısı olmaq üçün namizədlərin yekun siyahısını açıqlayıb
# 30 noyabr 2012 09:12 (UTC +04:00)

Bakı-APA. FİFA 2012-ci ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi olmağa son 3 namizədi açıqlayıb. Apasport.az saytının məlumatına görə, argentinalı Lionel Messi, ispaniyalı Andres İnyesta ( hər ikisi “Barselona”) və portuqaliyalı Kriştianu Ronaldo (“Real”) “Qızıl top”a iddiaçıdır. Bunlardan 2008-ci ildə Ronaldo, sonrakı 3 ildə Messi həmin mükafatı qazanıbsa, bu il keçirilən Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İnyesta hələ buna nail ola bilməyib.


Maraqlıdır ki, sorğuda iştirak edən millimizin kapitanı Rəşad Sadıqov da məhz bu “üçlüyə” səs verib. O, ardıcıllıqda Messi, Ronaldo və İnyestanı göstərib ki, sonda sıralamanın belə olacağı gözlənilir.

Məşqçilər arasında 10 namizəddən mükafata iddiaçı qalanlar Pireney təmsilçiləri – İspaniyadan Visente Del Boske ilə Xosep Qvardiola və portuqaliyalı Joze Mourinyodur. Roberto Di Matteo (“Çelsi”), Aleks Ferqyusson (“Mançester Yunayted”), Yupp Haynkes (“Bavariya”), Yurgen Klopp (“Borussiya” Dortmund) , Yohaim Löv (Almaniya yığması), Roberto Mançini (“Mançester Siti”) və Çezare Prandelli (İtaliya yığması) ilin məşqçisi uğrunda mübarizəni dayandırmalı olub.

Qvardiola yarım ilə yaxındır işsiz olsa və ötən mövsüm nə çempionluq, nə də Çempionlar Liqasını qazansa da, yenə iddiaçılar arasında qalıb. O, ötən mövsüm yollarını ayırdığı “Barselona” ilə İspaniya kuboku və klublararası dünya çempionluğunu qazanıb. Qvardiolanı çempionluq uğrunda mübarizədə Madrid “Real”ının baş məşqçisi olan Mourinyo qabaqlayıb.

Ancaq ən real namizəd Del Boskeni saymaq olar ki, bu da onun 2010-cu ildə İspaniya yığmasının çalışdırıcısı kimi dünya çempionluğundan sonra 2012-ci ildə Avropada da bu uğura imza atıb. Ötən il dünyanın ən yaxşı məşqçisi Qvardiola seçilib.

Qeyd edək ki, FİFA qaliblərin adlarını gələn il yanvarın 7-də mənzil-qərargahının yerləşdiyi İsveçrənin Sürix şəhərində mükafatlandırmada açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR