İTM: Azərbaycanda illik inflyasiya 8,8%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 8,8%-ə çatıb
# 11 dekabr 2012 12:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrinə əsasən, hesabat ayında ölkədə 1,86% inflyasiya qeydə alınıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsulları 2,7%, qeyri-ərzaq məhsulları 1,16%, xidmət tarifləri isə 0,51% bahalaşıb.

Oktyabr ayına nisbətən noyabrda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,43%, regionlarda isə 1,3% yüksəlib. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,35%, regionlarda 2,05%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 1,94% və 0,4%, xidmət tarifləri isə 0,58% və 0,44% artıb.

«Hesablamalar göstərib ki, 2012-ci ilin 11 ayında ölkədə 8,05%, o cümlədən Bakıda 12,25%, regionlarda isə 3,92% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 11,73%, xidmətlər 5,18%, qeyri-ərzaq məhsulları isə 2,86% bahalaşıb», - deyə İTM-dən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 8,88% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,46%, regionlarda isə 4,37% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (12,94%) olub. Qeyri-ərzaq məhsullarında 2,56%, xidmətlərdə isə 6,56% artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR