Azərbaycanda mənzil fondunun idarə edilməsində yeni yanaşma tətbiq olunacaq

Azərbaycanda mənzil fondunun idarə edilməsində yeni yanaşma tətbiq olunacaq
# 03 dekabr 2012 13:49 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda mənzil fondunun idarə edilməsində yeni yanaşmanın tətbiqi istiqamətində bir sıra qanunverici sənədlərin layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib və bu sahədə tədbirlər davam etdirilir. «APA-Economics»in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

İclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev 2012-ci ilin yanvar-oktyabr aylarında ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, ölkə iqtisadiyyatının diversifikasiyasının sürətləndiyini, ÜDM-də qeyri-neft sektorunun inkişafının davam etdiyini bildirib. Onun sözlərinə görə, bu dövrdə kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, sosial layihələrin icrası və s. sahələrdə bir çox işlər görülüb.

Kollegiya iclasında mənzil-kommunal təsərrüfatı sahəsində islahatlara dəstək mexanizmlərinin yaradılması ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması və Sumqayıt Kimya Sənaye Parkının yaradılması sahəsində həyata keçirilən tədbirlər müzakirə edilib. Qeyd edilib ki, ölkədə mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında geniş əhəmiyyət kəsb edən Mənzil Məcəlləsi qəbul edilib. Bundan başqa, mənzil fondunun idarə edilməsində yeni yanaşmanın tətbiqi istiqamətində bir sıra qanunverici sənədlərin layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib və bu sahədə tədbirlər davam etdirilir. İclasda mənzil fondunun idarə edilməsi sahəsində pilot layihələrin icrasının və Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyi qeyd edilib.

Kollegiya iclasında Azərbaycan prezidentinin Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı imzaladığı sənədlərin sənayenin inkişafında, sahibkarlığın daha da genişlənməsində əhəmiyyəti vurğulanıb, hazırda Azərbaycanda müasir sənaye müəssisələrinin və texnoparkların, o cümlədən Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının təşkili istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib. Bu layihələrin reallaşdırılması ölkədə sənayeləşmə prosesinin daha da sürətlənməsində, iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqində, müasir standartlara cavab verən məhsulların istehsalında əhəmiyyətli rol oynayacaq. Kollegiya iclasında Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində görülən işlərə dair hesabat dinlənilib, sənaye parklarında peşə təhsilinin təşkilinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR