Azərbaycanda fermer kooperativlərinə güzəştli kreditlər veriləcək

Azərbaycanda fermer kooperativlərinə güzəştli kreditlər veriləcək
# 10 dekabr 2012 08:42 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib: «Artıq Azərbaycanda kooperasiyalar var. Sabirabadda Axıska kəndində, Masallıda çayçılar, Qubada almaçılar və s. misal göstərmək olar ki, artıq Azərbaycanda fermerlər özləri kooperativdə birləşməyə başlayıblar. Çünki 3-5 hektar sahədə texnikadan istifadə etmək baha başa gəlir. Buna görə də böyük təsərrüfatların yaradılması lazımdır».

Onun sözlərinə görə, Azərbaycanda «Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanun layihəsi hazırlanarkən müxtəlif inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, o cümlədən Almaniya təcrübəsi nəzərə alınıb: «Bu qanunun hazırlanması kooperasiyaların yaradılması prosesini tənzimləməyə və həvəsləndirici mexanizmlərin tətbiqinə imkan verəcək».

Komitə sədri bildirib ki, kooperasiyaların yaradılması nəticəsində gələcəkdə ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının böyük hissəsi iri fermer təsərrüfatlarının payına düşəcək: «Kooperasiyaların yaradılması nəinki Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük dəstək verəcək, üstəlik ölkədən kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracına şərait yaradacaq».

Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru Sadıq Salahov isə «APA-Economics»ə açıqlamasında bildirib ki, kooperasiya haqqında qanunda fermerlərin birləşməyə həvəsləndirilməsi mexanizmləri də nəzərdə tutulub: «Təbii ki, kooperasiyaya daxil olan fermerlərə gübrələr də başqa qiymətə veriləcək, texniki qulluq da başqa istiqamətdə olacaq, güzəştli kreditlərin verilməsi də nəzərdə tutulub». Qanun layihəsinə görə, kooperasiyaya daxil olan fermerlərin sayı azı 5 nəfər olmalıdır.

Qeyd edək ki, adı çəkilən qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib və onun gələn ilin yaz sessiyasında qəbulu gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR