Gəncənin Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları istifadəyə verilib

Gəncənin Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları istifadəyə verilib
# 21 noyabr 2012 07:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhəri Nizami rayon və Gədəbəy rayon məhkəmələrinin yeni binalarının açılışları olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə nazir Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər şəxslər də iştirak ediblər.

Məhkəmələrin yeni inzibati binalarının ərazisinə transformator yarımstansiyası, qazanxana, yeraltı yanğın su anbarı, yeraltı içməli su anbarı, nasosxana, məhkəməyə gələn vətəndaşların maşınlarını saxlamaq üçün dayanacaq daxildir. Binalar həmçinin mərkəzi kondisioner, havalandırma, isitmə, işıqlandırma, yanğın xəbərverici, su və qaz yanğın söndürmə sistemləri ilə təchiz olunub. Bundan əlavə, binalarda konfrans və iclas zalları, maddi sübutlar otaqları, arxivlər, təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

Məhkəmə binalarının açılışı zamanı ədliyyə naziri F.Məmmədov bildirib ki, həmin binalar Ədliyyə Nazirliyi ilə Dünya Bankı arasında «Ədliyyə sisteminin müasirləşdirilməsi» birgə Layihəsi çərçivəsində milli memarlıq üslubunda müasir standartlara uyğun inşa olunub: “Həmçinin layihəyə əsasən 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon məhkəməsi üçün yeni binanın inşasına başlanılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR