İntiqam Babayev: “Bu il gənclərlə bağlı siyasət çox uğurlu oldu”

İntiqam Babayev: “Bu il gənclərlə bağlı siyasət çox uğurlu oldu”
# 14 dekabr 2012 16:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Bu il Azərbaycanın gənclərlə bağlı siyasəti çox uğurlu oldu, müxtəlif layihələr həyata keçirildi, gənclərlə bağlı problemlər müzakirə edildi”. APA-nın məlumatına görə, bunu gənclər və idman nazirin müavini İntiqam Babayev deyib. Nazir müavini “Yeni nəsil: sərhədsiz məsuliyyət” II Beynəlxalq Forumunu, Azərbaycanda bu yaxınlarda keçirilən IV Respublika gənclər təşkilatları sərgisini bu mənada xüsusi qeyd edib.

Nazir müavini bu il yeni yaradılmış Gənclər Fondunun ilk qrant müsabiqəsini keçirdiyini, ümumiyyətlə, bu il çoxlu sayda bu tipli layihələr həyata keçirildiyini də xatırladıb: “Biz bu günə qədər 15 ölkədə “Mən Azərbaycan barədə nə bilirəm” müsabiqəsini keçirmişik. Keçən il 8 ölkədən olan qalibləri bir yerdə Azərbaycan gəlib, Yunanıstan nümayəndə heyəti isə ayrıca ölkəmizə səfər edib. Bu il ölkəmizə həmçinin Argentinadan olan qaliblər gəlib, bu müsabiqəni Yaponiyada, Serbiyada, Macarıstanda keçirmişik və həmin ölkələrdən olan qaliblər ölkəmizə gələcəklər. Ümumiyyətlə, biz hər il 10-12 ölkədə bu müsabiqəni keçirtmək niyyətindəyik və düşünürəm ki, növbəti illərdə coğrafi əhatəni genişləndirəcəyik. Bu il biz artıq Afrika ölkələri ilə əlaqələr qurmuşuq, Latın Amerika ilə əlaqələr də genişlənir”.

İ. Babayev deyib ki, 2013 ildə gənclərdən yeni zirvələrin fəth olunmasını, dünya miqyasında mövqelərini daha da möhkəmləndirməyi gözləyirlər: “Çünki bu gün Azərbaycan gəncləri nəinki ölkə daxilində, həmçinin ölkəmizin hüdudlarından çox-çox uzaqlarda Azərbaycanı tanıdırlar və onlar nəinki dünya təcrübəsini öyrənirlər, müxtəlif ölkələrdə təlimçi olaraq oradakı gənclərə öyrədirlər, bu da onu göstərir ki, Azərbaycanın hər bir sahədə deyəcəyi sözü var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR