Rusiya Dövlət Kitabxanasında “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı keçirilib - FOTO

Rusiya Dövlət Kitabxanasında “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı keçirilib - FOTO
# 13 dekabr 2019 11:11 (UTC +04:00)

Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı da baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvanın Heydər Əliyevin həyatında xüsusi yer tutduğunu bildirib: “O, Moskvada çalışıb, SSRİ Nazirlər Sovetinin sədr müavini, Siyasi Büronun üzvü olub, Sovet İttifaqının rəhbərlərindən biri kimi böyük yük daşıyıb. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədr müavini olan zaman, həmin dövrdə sədr Tixonovun 80 yaşı var idi. Təxminən 30-a yaxın nazirliyin kurasiyası və Nazirlər Sovetinin əsas yükü Heydər Əliyevin çiyinlərində olub. Hansısa fəlakət, faciə olan zaman onu Dövlət Komissiyasının sədri təyin edirdilər. Daha sonralar mənə Odessada danışdılar ki, Heydər Əliyev "Naximov" teploxodunda batan insanların ailələri ilə bir-bir görüşüb və çoxlu sayda insanın ölümünə səbəb olan nəhəng fəlakətin nəticələrinin aradan qaldırılması üçün böyük işlər görüb”.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Xalq yazıçısı Elmira Axundova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib ki, bu gün Rusiya Dövlət Kitabxanasında “Heydər Əliyev. Şəxsiyyət və Zaman” üçcildliyinin təqdimatının keçirilməsi böyük hadisədir: “Moskvada artıq ikinci dəfədir ki, bu kitab çap olunur. 2014-cü ildə yeddicildliyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev mənə dövlət mükafatı verdi. O zaman ona söz verdim ki, bu kitabların daha yığcam variantını xaricdə çap etdirəcəyəm. Bu son beş ildə 5 xarici ölkədə üçcildlik əsərlər işıq üzü görüb. İngilis dilində biz bu əsərlərin Böyük Britaniya parlamentində təqdimatını keçirtmişik. Bu əsərlər türk, tacik, rus, macar və ingilis dillərində çap olunub, Ukrayna dilində də əsərlərin çapını planlaşdırırıq, bu proses davam edəcək. Çünki Heydər Əliyev ümumdünya miqyasında dahi, nəhəng şəxsiyyətdir. Onun həyat və fəaliyyəti çox ibrətamizdir. Bu üçcildlikdə də dahi liderin həyat və fəaliyyətinin müxtəlif dövrləri öz əksini tapıb. Azərbaycanın ucqar yerində dünyaya göz açan Heydər Əliyev Sovet İttifaqının Olimpini fəth edib. Bu adi həyat yolu deyil. Heydər Əliyevin liderlik keyfiyyətləri gənc nəsil üçün nümunədir”.

E. Axundova “Heydər Əliyev. Şəxsiyyət və Zaman” üçcildliyinin Moskvada nəşr olunmasına və təqdimatının keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib: "Bu əsərlər ilk dəfə Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çap olunub. Artıq ikinci dəfədir ki, Fond bu məkanda Heydər Əliyeva dair kitabların təqdimatını keçirir. Bu çox böyük işdir".

Tədbirdə çıxış edən M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Heydər Əliyevi əfsanəvi şəxsiyyət kimi qiymətləndirib: “Dahi şəxsiyyət Heydər Əliyev Rusiya-Azərbaycan xalqlarının dostluğuna öz böyük töhfəsini verərək tarixə düşüb. Heydər Əliyevi bu gün yalnız Azərbaycanda deyil, Rusiyada da ehtiramla xatırlayırlar. Onun Rusiya xalqı üçün etdikləri bizim xalqın yaddaşından silinməyib".

“Heydər Əliyev Sovetlər İttifaqının tarixində böyük rol oynayıb. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. Bu, həqiqətən böyük hakimiyyətə malik olmaq demək idi”, - bunu isə çıxışında Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal bildirib.

O, Heydər Əliyevlə keçirdiyi görüşlər barədə də xatirələrini bölüşüb: “Əgər ali rəhbərlik, yəni, Tixonov (Nikolay Tixonov - SSRİ Nazirlər Sovetinin Sədri), daha sonra Rıjkov (SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov) iqtisadiyyatın qlobal problemləri ilə məşğul idilərsə, hökumətdə operativ məsələlərlə bağlı Komissiyaya rəhbərlik edən Heydər Əliyev isə gündəlikdə duran məsələlər məşğul idi. Heydər Əliyev heyrətamiz insan idi. Təəssüflər olsun ki, SSRİ-də onun potensialından sona qədər istifadə olunmadı. Hesab edirəm ki, Heydər Əliyev hələ bizim ümumi ölkəmiz üçün çox şeylər edə bilərdi. Bunu o, sonra müstəqil Azərbaycan üçün gördükləri işlərlə sübut etdi".

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev çıxışında ümummilli lider Heydər Əliyevin nəhəng və müdrik siyasətçi olduğunu vurğulayıb. Onun Rusiya xalqı üçün gördüyü işlərdən bu gün də vətəndaşların yararlandığını qeyd edən deputat Heydər Əliyevin xatirəsinin rusiyalıların qəlbində əbədi yaşayacağını bildirib.

Tədbirdə çıxış edən digər çıxışçılar Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, onun dünya miqyasında siyasətçi, dövlət adamı olduğunu vurğulayıblar.

Qeyd edək ki, anım tədbirində xarici ölkələrin səfirləri, deputatlar, hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR