Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun toplantısı keçirilib

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun toplantısı keçirilib
# 29 noyabr 2012 00:58 (UTC +04:00)

Bakı-APA. Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib. Görüşdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iştirak edib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Görüş zamanı Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Barri Devolin yenidən Dostluq Qrupunun sədri vəzifəsinə seçilib. Bununla yanaşı, qrupun yeni sədr müavinləri və digər məsul şəxsləri seçilib.

Görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və bir sıra digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub. Görüş zamanı səfir Fərid Şəfiyev çıxış edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında vacib rol oynadığını qeyd edib. Bu baxımdan səfir iki ölkənin millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dostluq Qrupunun sədri Barri Devolin öz çıxışında Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb, dünyəvi dövlət olan Azərbaycanın ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından Kanada üçün vacib ölkə olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR