APA-nın məlumatına görə, tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mövzunun əhəmiyyəti haqqında danışaraq bildirib ki, ictimaiyyət arasında adıçəkilən qanunun müzakirəsi zəruridir. O, bütün tərəflərin bu müzakirələrdə dinlənəcəyini söyləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanması, əhəmiyyəti, beynəlxalq qurumların bu məsələdəki mövqeyinə dair çıxış edib. O, Azərbaycan hökumətin qanun və onun icrası ilə bağlı mövqeyini də açıqlayıb.
Tədbirdə USAİD-in Azərbaycan demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlas, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əli Hüseynli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Robert Stir, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay və digərləri mövzu ilə bağlı məruzə ediblər.
Koray Tarqay bildirib ki, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur: “İllərdir bu məsələ Azərbaycanda müzakirə edilir. Hesab edirəm ki, Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bu məsələni diqqətdə saxlamaq vacibdir”.
K. Tarqay ATƏT-in Bakı Ofisinin bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqların davam etdiriləcəyini qeyd edib: “Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir”.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu məsələnin gündəmə gətirilməsi doğru bir addımdır: “Biz gərək media, hüquqlar, ifadə azadlığı ilə bağlı məsələləri ictimailəşdirək. Hesab edirəm ki, gələcəkdə bu məsələ nəzərə alınacaq. Düşünürəm ki, hüquqşünasların, Mətbuat Şurasının diffamasiya ilə bağlı qanunvericilikdə əməkdaşlığı daha da sıx olmalıdır”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, hökumətin müvafiq səylərini dəyərləndirir: “İnternetdə təhqir və böhtanın qarşısı alınmalıdır. Qanunun tətbiqi və ümumiyyətlə məsələyə kompleks yanaşma üçün müəyyən mexanizmlər qəbul edilməlidir: “Çünki internet həm KİV-dir, həm də KİV deyil, kommunikasiyadır”.
Milli Məclisin deputatı, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə senzura aradan qaldırılarkən müəyyən narahatçılıqlar var idi: “Müəyyən problemlər oldu. Amma heç də gözlənilən narahatçılıq olmadı. Diffamasiya haqqında müvafiq qanunun qəbulu o böhtan və təhqirə görə məsuliyyətin götürülməsi mənasını verməməlidir. Lakin beynəlxalq təşkilatların fikri var, biz buna da sayğı ilə yanaşmalıyıq. Diffamasiyaya görə məsuliyyəti aradan qaldırmalıyıq. Yəni, müvafiq qanunu qəbul etməliyik”.
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli “Diffamasiya haqqında qanunvericiliyin inkişafı perspektivlərinə vətəndaş cəmiyyətinin baxışı” mövzusunda məruzə ilə çıxış edib: “Qanun heç də həmişə çəkindirici olmur. Sadəcə diaqnozu düzgün qoymaq lazımdır. Fransa qanunvericiliyində böhtan və təhqirlə bağlı maddə olsa da, onlar son 30 ildə bu maddələri kimsəyə tətbiq etməyiblər. Buna baxmayaraq, ATƏT və digər təşkilatlar bunu pis nümunə kimi tənqid edir. Hesab edirəm ki, Azərbaycan “Diffamasiya haqqında” qanunu qəbul etməyə hazır olan ölkədir”.
Tədbirdə insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti strukturlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək barədə diskussiyalar aparılıb.