Bu ilin yanvar ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 1441 müraciət daxil olub

Bu ilin yanvar ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 1441 müraciət daxil olub
# 23 fevral 2012 13:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu ilin yanvar ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1441 müraciət daxil olub. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətlərin 1300-ü telefonla, 141-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Müraciətlərin əksəriyyəti sorğu və məlumat xarakterli olub. Şikayət xarakterli müraciətlərin ümumi sayı 71 olub. Həmin müraciətlər ümumi təhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.
Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ilə bağlı 39 şikayət daxil olub. Belə ki, ötən ay “Qaynar xətt”- ə Bakı (14), Gəncə (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərindən, Abşeron, Ağdam, Cəlilabad, Ağcabədi, Şəki rayonlarından 2, Göygöl, Şəmkir, Yardımlı, Lənkəran, Samux, Şamaxı, İmişli, Tovuz, Biləsuvar, Bərdə rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyətində tədris müəssisələrinin istilik sistemlərindəki problemlər, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması və digər bu kimi məsələlər öz əksini tapıb.

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” əmrinin icrası ilə bağlı daxil olan müraciətlərin araşdırılması təmin olunub. Qış imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 200-dən artıq müraciətin çoxu sorğu xarakterli olub. Şikayət və nöqsanlardan bəhs edilən 32 müraciətdən 22-si dövlət, 4-ü özəl ali, 6-sı orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, qiymətlərinin apellyasiya qaydasında yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar nazirliyin əməkdaşları qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə müraciət daxil olmuş ali təhsil müəssisələrində müvafiq araşdırmalar aparıb və həmin tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələri ilə əlaqədar müraciətlər Təfəkkür və Bakı Asiya universitetləri ilə bağlı olub. Həmin müraciətlərdə qaldırılan məsələlər adı qeyd edilən təhsil müəssisələrində şikayətçi şəxslərin iştirakı ilə araşdırılıb.
Orta ixtisas təhsili müəssisələri ilə bağlı Azərbaycan Maliyyə-İqtisad, Bakı Dövlət Sosial-İqtisad, Bakı Texniki, Ağcabədi Pedaqoji və 2 №-li Bakı baza Tibb kolleclərindən müraciətlər daxil olub. Həmin müraciətlərdə imtahanlarda verilmiş qiymətlərdən narazılıq və digər məsələlər əks olunub. Müvafiq qaydada araşdırmalar aparıldıqdan sonra bu barədə müraciət müəlliflərinə məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR