Tərtər rayonunun Qapanlı kəndinin müharibə veteranları döyüşə getmək üçün hərbi komandanlığa müraciət ediblər

Tərtər rayonunun Qapanlı kəndinin müharibə veteranları döyüşə getmək üçün hərbi komandanlığa müraciət ediblər
# 03 avqust 2014 15:33 (UTC +04:00)

APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşı xəbər verir ki, müharibə iştirakçısı olmuş qapanlılar müraciətlərində döyüşə hazır olduqlarını qeyd edib, səngərlərə, düşmən qarşısına göndərilmələrinə şərait yaradılmasını xahiş ediblər. Onlar bildiriblər ki, cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda düşmənə qarı döyüşmək, ona layiqli cavab verilməsində hərbçilərimizin yanında olmaq istəyirlər.

Lakin ərazinin müdafiəsini üzərinə götürmüş hərbçilər komandanlıq adından müharibə veteranı olan Qapanlı sakinlərinə təşəkkür edərək, hələlik belə bir addıma ehtiyac olmadığını bildiriblər. Hərbçilər qeyd ediblər ki, səngərlərdə keşik çəkən əsgərlərimiz düşmənə layiqli cavab vermək gücündədir və bunu edir.

Lazım gələrsə, gələcəkdə keçmiş döyüşçülərin təcrübə və bacarığından istifadə oluna bilər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirilib ki, son günlər Müdafiə Nazirliyinin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur.

“Vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirir və bu təşəbbüsü minnətdarlıqla qarşılayır”, – deyə MN-in məlumatda bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR