İranda səfərdə olan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bu ölkənin "Yolpress” mətbu orqanının Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı cinayətlərlə bağlı apardığı kampaniyanın xatirə dəftərini imzalayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Vüsalə Mahirqızı “Yolpress” mətbu orqanın Tehranda keçirilən beynəlxalq sərgi-festivaldakı pavilyonunda Qərbi Azərbaycan əyalətinin mətbuat evinin sədri Yusif Pirbudaği ilə görüşüb. Görüşdə Y. Pirbudaği V. Mahirqızına İranda Zəhra Quliyevanın öldürülməsindən sonra İranda Ermənistanın cinayətlərini pisləmək məqsədi ilə aparılmış “PrayForZahra” kampaniyası haqqında məlumat verib.
Tərəflər İran və Azərbaycan KİV-i arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, redaksiyası Urmiya şəhərində yerləşən "Yolpress” Azərbaycan və fars dilində yayımlanır. Əsasən, Şərqi və Qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.