«Akkord» şirkəti Bakıda metro tikintisinə qoşulur

«Akkord» şirkəti Bakıda metro tikintisinə qoşulur
# 08 noyabr 2012 15:02 (UTC +04:00)
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Bakı Metropoliteni və «Akkord-Bouygues» Birgə Müəssisəsi arasında Bakı Metrosunun İnkişafı Layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Şirkətin yaydığı məlumatda bildirilir ki, memorandum Azərbaycan prezidentinin 18 mart 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»na müvafiq olaraq «28 May» stansiyasının yenidən qurulması və yeni «yaşıl xəttin» Xətai-Həzi Aslanov-II hissəsinin (7 km tunel və 3 yeni stansiya) tikintisi üzrə əməkdaşlığı əhatə edir.

Sənəd Bakı Metropoliteni adından müəssisənin rəisi Tağı Əhmədov, «Akkord-Bouygues» Birgə Müəssisəsi adından isə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin Direktorlar Şurasının sədri, baş direktoru Xəqani Quluzadə və Fransanın «Bouygues Travaux Publics» şirkətinin icraçı direktoru Jan-Denis Arnal tərəfindən imzalanıb.

Qeyd edək ki, hələ 29 iyun 2011-ci ildə «Akkord» Korporasiyası ilə «Bouygues Travaux Publics» şirkəti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanda infrastruktur layihələrində, həmçinin Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikintisində birgə iştirak məqsədlərini və iş birliyinin ilkin şərtlərini ehtiva edir.

«Bouygues Travaus Publics» şirkəti dünyanın ən iri maliyyə-sənaye qruplarından biri olan Fransanın «Bouygues Qrup»una daxildir. Bu şirkət Şərqi və Qərbi Avropada, Yaxın Şərq və Afrikada, Asiya-Sakit okean hövzəsi regionunda uğurla fəaliyyət göstərməklə yanaşı, Şimali Amerika - ABŞ və Kanadada da yeni bazarlara çıxış əldə edib.

Metro tikintisi və infrastruktur layihələri əsasən «Boygues Construction»un törəməsi olan «Bouygues Travaux Publics» tərəfindən həyata keçirilir. İndiyədək bu şirkətlər Qahirə metro xətti (Misir, 13 km uzunluğunda tunel, 10 yeraltı metro stansiyası – ümumi dəyəri 807 mln. avro), Lamanş boğazı altından tunel, Sidney metro xətti (Avstraliya, 9 km uzunluğu, ümumi dəyəri 534 mln. avro), Şanxay metro xətləri (Çin); Mayami (Kaliforniya, ABŞ) metro xətti; Amsterdam-Roterdam-Antverpen (Hollandiya) yüksək sürətli dəmir yolu xətti (8 km tunel, ümumi dəyəri 425 mln. avro) və s. iri layihələr həyata keçirib. Şirkətin dünyada həyata keçirdiyi layihələr çərçivəsində 350 km-dən artıq tunel xətləri çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR