Bakıda Sığorta Agentlərinin I Milli Forumu keçirilib - FOTOSESSİYA

Bakıda Sığorta Agentlərinin I Milli Forumu keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 07 dekabr 2012 10:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə Sığorta Agentlərinin I Milli Forumu keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, forumu giriş sözü açan Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, sığorta sistemində sığorta agentlərinin rolu getdikcə artır və bu fəaliyyət növündə böyük inkişaf müşahidə olunur.

Forumda Xidmətin lisenziyalaşdırma, ərizə və şikayət şöbəsinin rəisi Mahir Abdullayev Sığorta agentlərə həsr olunan geniş təqdimatla çıxış edib. M.Abdullayev qeyd edib ki, bu günə kimi Azərbaycanda 46 hüquqi və 600-a yaxın fizik şəxs agent fəaliyyəti üçün lisenziya alıb və onların sayı üzrə illik dinamika artım nümayş etdirir. Belə ki, 2010-cu ildə 1 hüquqi və 62 fiziki şəxs agent kimi fəaliyyətə başlayıbsa, 2011-ci ildə bu göstəricilər müvafiq olaraq 11 və 108, 2012-ci ildə isə artıq 20 və 240-a çatıb. M.Abdullayev təqdimatında agent fəaliyyətinin qanunvericilik əsasları, müşahidə olunan problemlər, nəzarət tələbləri kimi məsələlərə toxunub və forumda iştirak edən sığorta agentlərinə məlumat verib. Problemlərdən danışan şöbə müdiri bildirib edib ki, bura bəzi agentlər tərəfindən güzəşt sistemlərinin tətbiqi, hədiyyələr və müxtəlif kampaniyaların keçirilməsi, «subagent» vasitəsi ilə fəaliyyət göstərməsi kimi qanuna zidd olan hallar aiddir.

Forumda təqdimatla çıxış edən İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev Büronun fəaliyyəti haqqında məlumat verib. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə «İcbari sığortalar haqqında» qanunun tələbləri nəzərə alınmaqla Mülki Məcəlləyə müvafiq olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir. «İcbari sığortalar haqqında» qanunda nəzərdə tutulan hər hansı icbari sığorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün sığortaçı Büronun iştirakçısı olmalı və müvafiq icbari sığorta növü üzrə müəyyən edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir. İcbari Sığorta Bürosunun iştirakçıları daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası kimi sığorta növləri üzrə xidmət göstərə bilər.

E.Quliyev həmçinin bildirib ki, bu gündən etibarən Büro tərəfindən yeni 9707 SMS xidməti istifadəyə verilib. Belə ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə sığortalı sığorta müqaviləsini bağlayarkən, müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, avtonəqliyyat vasitəsinin nömrəsi, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildiriş alacaq. Həmçinin, sığortalı İcbari Sığorta Bürosunun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatması tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS alacaq. E.Quliyevin fikrincə, bu yenilik sahədə təkmilləşdirməyə kömək edəcək və sığortalılar arasında sığorta sahəsinə etibarlığını artıracaq.

Qeyd edək ki, Forumda həmçinin Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayət şöbəsinin məsləhətçisi Firdovsi Ağaşirinov «Sığorta agenti fəaliyyətinin hüquqi tənzimlənməsi» mövzusunda çıxış edib və iştirak edən agentlərə və sığorta şirkətlərinin nümayəndələrinə fəaliyyətin qanuni əsasları, nöqsanlar, pozuntular kimi məsələlər barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR