Çin nümayəndə heyəti Milli Məclisdə qəbul edilib

Çin nümayəndə heyəti Milli Məclisdə qəbul edilib
# 17 dekabr 2012 13:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. APA-nın məlumatına görə, Çin nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun rəhbəri Əli Əhmədov tərəfindən qəbul edilib.

Ə. Əhmədov bildirib ki, iki ölkənin parlamentləri arasında olan münasibətlər dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərəcək. O qeyd edib ki, Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında siyasi sahədə də münasibətlərin inkişafına şərait yaradır. Ə. Əhmədov Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı sıx əlaqələrdən də bəhs edib.

B. Liçen isə deyib ki, iki ölkənin beynəlxalq arenada əməkdaşlığı və bir-birinə dəstək verməsi regionda sabitliyin və sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir. Qonağın sözlərinə görə, Azərbaycan və Çin hazırda yüksək inkişaf tempi nümayiş etdirən ölkələrdir və iqtisadi əlaqələrin inkişafı üçün potensialı çoxdur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR