Pirallahıda süni gölməçələrin xəstəliklərin yaranmasına səbəb olduğu aşkarlanıb

Pirallahıda süni gölməçələrin xəstəliklərin yaranmasına səbəb olduğu aşkarlanıb
# 15 dekabr 2016 09:21 (UTC +04:00)

Pirallahı rayonunun eyniadlı adasında yerləşən qəsəbədə ətraf mühitin mühafizəsi istiqamətində keçirilmiş ekoloji monitorinq zamanı bəzi pozuntu halları müşahidə edilib. APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, Pirallahı adasında tullantı sularının axıdılması nəticəsində formalaşan süni gölməçələr yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq qismən quruyur. Bunun nəticəsində ətrafda üfunətli bataqlıqlar əmələ gəlir: “Payız və qış fəsillərində həmin gölməçələr sahil xətti boyunca yenidən öz formasını alır. Həmin süni gölməçələr adanın ekosisteminə mənfi təsirini göstərməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına da şərait yaradır”.

Keçirilən monitorinq nəticəsində o da məlum olub ki, Pirallahı qəsəbəsində formalaşan tullantı suları mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmur: “Bioloji Təmizləyici Qurğuya (BTQ) tullantı suların nəqli üçün qurulmuş nasosxanalar lazımı qaydada istismar olunmur”.

Keçirilən monitorinq zamanı 2 saylı nasosxananın qəza xətti ilə tullantı sularının birbaşa Xəzər dənizinə axıdılması aşkar edilib: “BTQ-yə baxış zamanı qurğunun layihədə nəzərdə tutulan texnologiyaya uyğun işləmədiyi müəyyən olunub. Nəticədə, tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığından heç bir ekoloji normalar gözlənilmir”.

“Pirallahı qəsəbəsində formalaşan tullantı suların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmaması davam edərsə, həmin ərazidə Xəzər dənizinin daha da çirklənməsinə gətirib çıxara bilər. Sahil zolağında formalaşan süni gölməçələr müxtəlif xəstəliklərin yaratdığına və adanın ekosisteminə mənfi təsir göstərdiyinə görə bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Pirallahı BTQ-nin ekoloji normalara uyğun fəaliyyət göstərilməsi, texnoloji rejimə əməl edilməsi təmin edilməli və ya yenisi ilə əvəz olunmalıdır” – deyə bülletendə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR