ARDNŞ Rumıniyada keçirilən Xarici Sərmayəçilər Sammitində iştirak edir

ARDNŞ Rumıniyada keçirilən Xarici Sərmayəçilər Sammitində iştirak edir
# 15 oktyabr 2014 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rumıniyanın nüfuzlu “Business Review” (“Biznes icmalı”) jurnalının təşkilatçılığı ilə Buxarestdə “Xarici Sərmayəçilər (İnvestorlar) Sammiti” öz işinə başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, sammitdə Rumıniyada fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, Rumıniyada akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri, investorlar, enerji, neft-qaz sahəsində çalışan mütəxəssis və ekspertlər, Rumıniyanın dövlət və hökumət nümayəndələri, eləcə də ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin təmsilçiləri iştirak edirlər.

Sammitin ilk günündə nümayəndəliyin rəhbəri Həmzə Kərimov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümündə Avropanın enerji xəritəsini dəyişəcək və XXI əsrin müqaviləsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuş, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.

ARDNŞ-in fəaliyyətinə geniş yer ayıran H. Kərimov bildirib ki, şirkət artıq dünyada tanınan brend kimi enerji sahəsində aparıcı oyunçuya və söz sahibinə çevrilib, bir çox ölkələrdə, o cümlədən Rumıniyada iri layihələrə imza atıb. Onun sözlərinə görə, ARDNŞ hazırda Rumıniyaya investisiya yatıran 10 ən böyük şirkət arasındadır: “Rumıniyanın 13 dairəsində SOCAR brendi altında 30 yanacaqdoldurma məntəqəsi müştərilərə yüksək səviyyədə xidmət göstərir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də bu sahədə Rumıniya bazarının 10%-nə sahib olmaqdır”. H. Kərimov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR