Əhalinin sosial təminatının gücləndirilməsi sahəsində görülən işlər müzakirə olunub

Əhalinin sosial təminatının gücləndirilməsi sahəsində görülən işlər müzakirə olunub
# 10 iyul 2015 10:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidməti (DSTX) tərəfindən bu ilin 6 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan iclas keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iclasda xidmətin rəisi Çingiz Əliyev sosial-iqtisadi inkişaf proseslərinin və dövlət sosial yardımlarının təyinatında şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində bu yardımların alan ailələrin sayının bu ilin 6 ayı ərzində 20,5 % azaldığını, bir ailə üzrə ödənilən yardımın orta aylıq məbləğinin isə 12,1% artaraq 141,53 manata çatdığını bildirib.

Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması yönündə aparılan işlərdən bəhs edən xidmət rəisi hesabat dövründə sosial müavinət və təqaüd təminatı sahəsində işlərin uğurla davam etdirildiyini göstəricilər əsasında diqqətə çatdırıb. O, hazırda sosial işçilər tərəfindən 12 850 nəfərdən çox şəxsin evdə sosial məişət xidməti, habelə sosial sifarişlər əsasında 1 500 nəfər ehtiyacı olan uşağın ixtisaslaşmış sosial reabilitasiya xidmətləri ilə təmin olunduğunu qeyd edib.

Toplantıda bu ilin 6 ayı ərzində sosial xidmət müəssisələrinin fəaliyyəti, de-institisionalizasiya tədbirləri, sağlamlıq imkanları gənclərin peşə reabilitasiyası, əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, imtiyazlı vətəndaşların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilməsi sahələrində görülən işlərdən də söz açılıb. Əlilliyi olan şəxslərin asudə vaxtının səmərəli təşkilinin diqqətdə saxlanıldığı qeyd olunaraq, təkcə cari ilin 6 ayında 780 nəfərdən çox belə şəxsin ölkənin səfalı bölgələrindəki sağlamlıq və istirahət mərkəzlərinə göndərildiyi bildirilib.

Hesabat dövründə sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu iclasda əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR