Azərbaycan səfiri Misir qəzetinə müsahibə verib

Azərbaycan səfiri Misir qəzetinə müsahibə verib
# 04 may 2015 23:10 (UTC +04:00)

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın son bir neçə il ərzində böyük iqtisadi irəliləyişlər əldə etməsinin səbəbinə toxunan Ş.Abdullayev son illər ərzində Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan əldə etdiyi gəlirlər hesabına sürətlə inkişaf etdiyini qeyd edərək, Ümumdünya Davos İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycanın dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olduğunu və 144 ölkə arasında 38-ci yerdə durduğunu bildirib.

Azərbaycanın cari ilin iyun ayında ilk Avropa olimpiya oyunlarına ev sahibliyi edəcəyini vurğulayan səfir ölkəsinin 2020-ci ildə də Avropa futbol yarışlarını keçirəcəyini qeyd edib. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanın müstəqillik əldə etdiyini, həmin vaxtlarda ölkəsinin çox çətin sınaqlarla üzləşdiyini, xüsusilə də Azərbaycan xalqının ağrılı yeri olan Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, 20% Azərbaycan torpaqlarının hələ də erməni işğalı altında olduğunu bildirən Ş.Abdullayev erməni işğalı nəticəsində çoxları qadın, uşaq, yaşlı olmaqla iyirmi min azərbaycanlının qətlə yetirildiyini, Azərbaycana aid tarixi, mədəni və dini abidələrin məhv edildiyini xatırlayıb. 1993-cü ildə BMT TŞ tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz olaraq çıxarılmasını, bir milyona yaxın qaçqın və köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən dörd qətnamənin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi müsahibədə öz əksini tapıb.

Səfir eyni zamanda, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bəzən bir ölkəyə münasibətdə tətbiq olunaraq, digər ölkəyə münasibətdə tətbiq olunmamasından narahat olduğunu və bunun ikili standartlara gətirib çıxardığını bildirib. Ermənistanın işğalçı siyasətinin arxasında nəyin durduğuna aydınlıq gətirən Ş.Abdullayev ermənilərin Aralıq dənizindən Xəzər dənizinə qədər olan ərazilərin “Böyük Ermənistan” olduğunu iddia edərək, işğalçılıq siyasətini davam etdirdiyini, halbuki belə bir iddianın tarixi faktlara söykənmədiyini oxucuların diqqətinə çatdırıb. Təmas xəttində atəşkəsin pozulması hallarının olub-olmaması barədə suala cavab verən Ş.Abdulayev Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində tez-tez atəşkəsin pozulmasının müşahidə edildiyini və Azərbaycan silahlı qüvvələri tərəfindən cavab atəşi ilə susdurulmasını qeyd edərək, ölkəsinin torpaqlarının işğal olunduğunu və işğal olunmuş torpaqları qaytarmağa Azərbaycanın haqqı olduğunu, eyni zamanda həmin işğal altında olan torpaqların heç də mübahisəli ərazilər deyil, Azərbaycanın sərhədləri daxilində olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və ya hərbi yolla həllini tapmasına münasibət bildirən səfir Azərbayanın sözügedən münaqişəni Minsk qrupu həmsədrləri vasitəsilə sülh danışıqları yolu ilə həllinə üstünlük verdiyini qeyd edərək, ölkəsinin eyni zamanda yeni silahlarla silahlandığını və hərbi büdcəsinin 4.6 milyard ABŞ dolları təşkil etdiyini və Ermənistanın ümumi büdcəsinin iki mislini üstələdiyini vurğulayıb. Ş.Abdullayev Azərbaycanın 90-cı illərdə çox çətin vəziyyətdə olduğuna toxunaraq, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı düşmən və işgalçı mövqeyi, 20% torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqının öz tarixi torpaqlarından çıxarılması, digər tərəfdən də sovet iqtisadi quruluşunun dagılmasından təsirlənən ölkənin iqtisadi böhran yaşaması və xarici ölkələrin təzyiqlərinə məruz qalması barədə məlumat verib və 1993-cü ildə Azərbaycanı bu böhrandan cıxarmaq üçün xalqın tələbi ilə H.Əliyevin hakimiyyətə gəlməsini və onun müdrik siyasəti ilə ölkənin parlaq gələcəyə dogru aparmasını, qısa zaman ərzində dövlətin əsaslarının gücləndirdiyini, atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu Misir ictimaiyyətinin diqqətinə çatdırıb.

Səfir Azərbaycanın iqtisadi inkişafı sahəsində H.Əliyev tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını vurğulayıb. Səfir həmçinin, son illər ərzində ölkədə işsizliyin və yoxsulluğun səviyyəsinin xeyli dərəcə aşağı düşdüyünü, ölkədə əmin-amanlığın və siyasi sabitliyin təmin olunduğunu, digər tərəfdən ölkəsinin investisiya qoyulan ölkə olmaqla yanaşı investisiya qoyan ölkəyə çevrildiyini bildirib.

Dünyada baş verən terror hadisələrinə münasibət bildirən səfir Azərbaycanın terrordan əziyyət çəkən ölkə olduğunu, 90-cı illərin əvvələrində baş verən 33 erməni terror aktı ilə üzləşdiyini, nəticədə 2000 azərbaycanlının həlak olduğunu, 1994-cü ildə Bakı metrosunda törədilmiş erməni terror hadisəsi nəticəsində 309 şəxsin həlak olduğunu vurğulamış, digər tərəfdən ölkəsinin terrorla mübarizədə beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etdiyi barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR