BANM-in tələbələri SOCAR-da təhlükəsizlik təlimi keçirlər

BANM-in tələbələri SOCAR-da təhlükəsizlik təlimi keçirlər
# 03 iyul 2015 11:42 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) “Neft–qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi üçün məqsədyönlü və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılıb.

Məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində BANM-in I kurs tələbələri üçün təhlükəsizlik təlimi keçirilir. Təlimdə BANM-in 4 qrup üzrə ayrılmış 123 nəfər tələbəsi iştirak edir. Onlar üçün SOCAR TTSİ-nin mütəxəssisləri tərəfindən “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu təşkil olunur.

Beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlar verilir. BANM-də üç ixtisas üzrə təhsil alan tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işlərkən bütün təhlükə anlarına hazır olmasına və onlar tərəfindən dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsinə, təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacaq.

Qeyd edək ki, BANM və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində həyata keçirilən təlimlər Beynəlxalq standartlara uyğun və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində keçirilir. Təlimlərin yekununda BANM-in tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim ediləcək. Dəniz şəraitində təhlükəsizlik qaydalarını mənimsəmiş tələbələrə veriləcək sertifikatlar bütün dünyada qəbul edilir və gələcək məzunların karyera həyatında vacib rol oynayacaq.

Təlimlər iyulun 1-dən 9-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR