Azərbaycanda son 5 ildə xeyli sayda yeni sürüşmə sahələri yaranıb

Azərbaycanda son 5 ildə xeyli sayda yeni sürüşmə sahələri yaranıb
# 09 aprel 2015 13:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda son 5 ildə xeyli sayda yeni sürüşmə sahəsi yaranıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, hazırda ölkə ərazisinin 25-26% təhlükəli sürüşmə zonasının 5-10%-i yeni yaranıb.

Onun sözlərinə görə, 2014-cü il sürüşmə üçün nisbi sabitlik ili olub: “Amma 2012-2013-cü ildə Azərbaycanda yeni sürüşmə sahələri yaranıb. Məsələn, 2013-cü ildə Göygöl və Qusarın dağlıq ərazilərində yeni sürüşmə sahələri yaranıb. Onlar klassik sürüşmə sahələri deyil. Eyni ilə Lənkəran zonası son 3-4 ilin məhsuludur. Son dövrlərdə orda bir çox infrastruktur obyektinin tikilməsi, yeni yolların çəkilməsi və təmiri Talış dağlarında yamacların dayanıqlığını pozub. Nəticədə son illər həmin zona bizim üçün problemli zonalardan birinə çevrilib. Lənkəran-Lerik yolunun müxtəlif hissələrində olan sürüşmə prosesləri daha çox antropogen mənşəlidir. Yəni, həmin yamacların kəskin bucaq altında kəsilməsi nəticəsində yaranan təhlükədir. Sürüşmə sahələri 50 ildir öyrənilir və heç vaxt həmin ərazilərdə belə fəal sürüşmə zonaları olmayıb. Amma Şamaxı-İsmayılı-Xızı-Dəvəçi Şabran əraziləri klassik zonalarıdır. Biz bilirik ki, orada əvvəldən sürüşmə sahələri olub və bu gün də var”.

E.Əlizadə vurğulayıb ki, Azərbaycan ərazisində sürüşmələr düzənlikdə və yüksək dağlıqda olmur. Sürüşmənin alçaq dağlıq, dağətəyi və orta dağlıq üçün daha çox xarakterik olduğunu deyən direktor müavini qeyd edib ki, həmin ərazidə sürüşmənin yaranması üçün şərait olmalıdır: “Ölkə ərazisinin təxminən 25-26 faizi sürüşmə yaranması üçün əlverişlidir. Bu gün yaşayış məntəqələrinin təxminən 300-350-si sürüşmə təhlükəli zonada yerləşir. Sürüşmə sahələrinin 5-10 faizi son dövrlərdə yaranıb. Yardımlı, Lerik, Göygöl, Daşkəsən, Gədəbəy zonalarında olan sürüşmə sahələri xarakterik sürüşmə sahələri deyil, onlar insan təsiri nəticəsində, xüsusilə 90-cı illərdə yamaclarda meşələrin intensiv şəkildə qırılması nəticəsində yeni yaranan sürüşmə sahələridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR