İntensiv yağıntı nəticəsində Lənkəran-Lerik şosesində torpaq sürüşməsinin aktivliyi artıb

İntensiv yağıntı nəticəsində Lənkəran-Lerik şosesində torpaq sürüşməsinin aktivliyi artıb
# 20 oktyabr 2014 14:15 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Ötən gün axşam saatlarından başlayan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik şose yolunda sürüşmə aktivliyi artıb. APA-nın cənub bürosunun məlumatına görə, küləklə müşayiət olunan güclü yağıntı yolun 17-18 və 20-22-ci kilometrliklərində torpaq sürüşməsinə səbəb olub. Ən təhlükəli vəziyyət yolun Lerikin Piran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, gecə saat 03.00 radələrində baş verən sürüşmə nəticəsində şose yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Lerik 43 saylı Yol-istismar idarəsinin texnikası və canlı qüvvəsi, eləcə də yerli sakinlərin birgə səyləri ilə yol uçqunlardan, palçıqdan təmizlənməklə maşınların intensiv hərəkəti bərpa olunub.

Yağıntıların davam etdiyi indiki halda sözü gedən ərazidə sürüşmə təhlükəsi hələ də qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran rayonlararası Hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, bölgəyə düşən yağıntı aylıq norma daxilindədir. Ən çox yağıntı isə Lənkəran və Astara rayonları ərazisinə düşüb. Lənkəranda yağıntının miqdarı 45,1 mm, Astarada 64,8 mm təşkil edib. Çaylarda sululuğun səviyyəsi 168 sm-ə çatıb. Lerikin dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşən ucqar dağlıq ərazilərinə, Kəlvəz və Rvarud kəndlərinə 18-28 santimetrədək qar düşüb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR