Baş onkoloq: "35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir"

Baş onkoloq: "35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir"
# 19 mart 2015 07:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzi Elmi Kitabxanadan APA-ya verilən xəbərə görə, tədbirdə respublikanın baş onkoloqu Azad Kərimli, Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri Samir Qurbanov və MEK-in əməkdaşları iştirak ediblər.


Baş onkoloq A.Kərimli bildirib ki, süd vəzi xərçənginin yaranma səbəbi elmə məlum olmasa da, müəyyən faktorlar var ki, onları səbəb kimi qəbul etmək olar: “Yaş faktoru, irsiyyət faktoru, müxtəlif hormonal pozuntular, piylənmə, zərərli adətlər və digər səbəblər xəstəliyin yaranması və inkişaf etməsi üçün təhlükəli hesab edilir. Lakin bu səbəblər insanlarda təşviş yaratmamalı, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Mühüm olan xəstəliyin vaxtında aşkar edilməsidir. Erkən müəyyən olunmuş xəstəliklə mübarizə asan olur və müvəffəqiyyətlə müalicə edilir”.

Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, Samir Qurbanov süd vəzi xərçəngi və öz-özünə süd vəzilərinin müayinə texnikasından danışıb. Süd vəzi xərçənginin bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu bildirən həkim digər xəstəliklərdən fərqli olaraq bu xəstəlikdə yaş amilinin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, şiş cavan yaşlarda nə qədər tez yaranarsa, bir o qədər tez başqa orqanları da zədələyərək sıradan çıxarır və müalicəyə daha az tabe olur. Buna görə də cavan vaxtlarında süd vəzi xərçənginə tutulan qadının ömrü yaşlı vaxtlarda xəstəliyə yoluxan qadınla müqayisədə qısa olur.

Ölkədə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsinin nəticəsi olaraq xəstəliyin əlamətləri daha erkən aşkarlanır və xərçəngə tutulmamaq üçün uğurlu müalicə üsullarından istifadə edilir.


Tədbirin sonunda MEK-in qadın personalı Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksinin müayinə aksiyasında iştirak edib. İki gün davam edən aksiyada 582 adda müayinə aparılıb.

Qeyd olunub ki, AMEA-nın institut və təşkilatları arasında Mərkəzi Elmi Kitabxana Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müayinə aksiyalarını həyata keçirən ilk təşkilatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR