Azərbaycan prezidenti BMT nümayəndələrini qəbul edib

Azərbaycan prezidenti BMT nümayəndələrini qəbul edib
# 29 oktyabr 2014 14:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviç və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib.

APA-nın məlumatına görə, M. Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğulayıb və onun forum iştirakçılarına videomüraciətinin önəmini qeyd edib. M. Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu deyib.

A. Alhendavi isə tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğulayıb. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd edib. A. Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Öz növbəsində prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmin ifadəsi kimi dəyərləndirən dövlət başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR