Azərbaycanın 17 sığorta şirkətində geriləmə davam edir

Azərbaycanın 17 sığorta şirkətində geriləmə davam edir
# 18 dekabr 2014 07:37 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-noyabr aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, şirkət 11 ayda 47,1 mln. manat sığorta haqqı toplayıb.

Sonrakı yeri tutan “Azərsığorta” DSKŞ-nin yığımları 39 mln. manat, “Paşa Həyat Sığorta”nın yığımları 38,3 mln. manat, olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” şirkətinin yığımları (35,5 mln. manat), “AzSığorta” (33,7 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 50,6%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Azərqarant” (501 min manat), “Era-Trans” (432 min manat), “Günay Sığorta” (165 min manat), “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2 255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,25 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 0,9%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 14-də sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 2 şirkətdə 5-10 mln. manat arasında, 6 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə 1 mln. manatdan aşağıdır.

Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR