Azərbaycan Romada FAO və ECO-nun təşkil etdiyi seminarda iştirak edib

Azərbaycan Romada FAO və ECO-nun təşkil etdiyi seminarda iştirak edib
# 03 iyul 2015 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Roma şəhərində keçirilmiş seminarda iştirak edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, sözügedən tədbirdə Türkiyə, İran, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, eyni zamanda, ECO və FAO kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər, İtaliya Kənd Təsərrüfatı Nazirliyindən, bir sıra donor təşkilatlardan nümayəndələr iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd ECO-ya üzv olan ölkələr üzrə vahid məlumat bazasının formalaşdırılması və bu bazaya ötürülən informasiyaların müqayisəliliyinin təmin edilməsi üçün eyni yanaşmaların tətbiqi idi. Seminarın keçirildiyi müddət ərzində FENİX platforması, onunla qarşılıqlı əlaqədə olan domenlər, məlumatların yığılmasında istifadə edilən mobil telefonlar üçün proqram təminatı, “CountrySTAT” proqramı və bu zaman tətbiq edilən sistemlərin üstünlüyü, əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edilib ki, “CountrySTAT” proqramı işə düşdükdən sonra hər bir ölkə mövcud cədvəllər üzrə göstəriciləri özü daxil edəcək və məlumatlar “CountrySTAT” məlumat bazası ilə yanaşı avtomatik olaraq FAO-nun məlumat bazasına yüklənəcək. Bu FAO ilə ölkələr arasında məlumat mübadiləsini sürətləndirəcək, operativliyi təmin edəcək, ölkə məlumatlarına hər hansı bir düzəlişlərin edilməsinin və ya kənar şəxslərin müdaxiləsinin qarşısını alacaq.

“CountrySTAT” proqramı barədə məlumat verilərək bildirilib ki, rəsmi səhifə 3 bölmədən ibarətdir. Birinci bölmədə statistik məlumatların iki səviyyədə: həm ölkə, həm də rayon səviyyəsində yerləşdirilməsi nəzərdə tutulur. Burada kənd təsərrüfatının siyahıyaalınması, ərzaq balansları, torpaqdan istifadə, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı, mal-qaranın sayı və cins tərkibi, mineral gübrələr, pestisidlər, kənd təsərrüfatı texnikası, işçi qüvvəsi, su ehtiyatları, meşəçilik, balıqçılıq, ticarət, qiymət, dövlət xərcləri və s. dair məlumatlar əhatə ediləcək. İkinci bölmə metaməlumatlara, üçüncü bölmə isə sənədlərə (metodologiyalar, göstərişlər, qanunvericilik sənədləri və s.) aid olacaq.

Sonda qərara alınıb ki, ölkələrdə statistika sahəsindəki mövcud vəziyyəti qiymətləndirmək üçün FAO-nun və ECO mütəxəssisləri tərəfindən monitorinq (müvafiq sorğuların göndərilməsi, ezamiyyətlərin təşkili və s.) aparılsın, daha sonra isə pilot layihəyə cəlb ediləcək ölkələrlə bağlı təkliflər verilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR